Əcnəbi izləyicilərin ilkin təəssüratı

post-img

Artıq ikinci gündür ki, paytaxtımızda “Formula-1”-ə start verilib. Dünyamiqyaslı belə yarışların keçirilməsi ölkəmizə yeni turist axını yaradır. 

Əvvəlki illərlə müqayisədə çoxsaylı ölkələrdən əcnəbi idman azarkeşləri yarışları daha yaxından izləmək üçün Bakıya üz tutublar. Onların arasında yaxın Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan kimi dövlətlərin vətəndaşlarına daha çox rast gəlmək olar. Qonaqların Bakı haqqında və burada keçirilən 
“­Formula – 1” yarışları ilə bağlı fikirlərini öyrəndik. Trekin keçdiyi Milli ­Kitabxananın yanında quraşdırılmış keçiddə türkiyəli 2 gənclə görüşüb söhbətləşdik. 

Buğra Qandəmir: – İlk dəfədir ki, Bakıdayam. Şəhəri çox bəyəndim. Müasir memarlıq üslubunda tikilmiş binalar, tarixi yerlər, yaraşıqlı küçələr insanın yaddaşında xoş iz qoyur. İstanbuldan dostum Tarıkla birgə “Formula-1” yarışlarını izləməyə gəlmişəm. Əvvəllər televiziya ekranlarından bu yarışa həsrətlə baxırdıq. İndi isə “Formula-1” həyəcanını canlı yaşayacağıq. Sürət maşınlarının səsini eşitmək, onları gözümüzlə görmək ayrı bir hissdir. İkimiz də İtaliyanın “Ferrari” komandasına azarkeşlik edirik. Onların da bu yarışda uğur qazanacağına ümid edirik. Yarış iştirakçılarına gəlincə mən ispan idmançısı Fernando Alonsonu, dostum isə finlandiyalı Volter Bottası dəstəkləyirik. 

Sonra Qazaxıstandan şəhərimizə qonaq gələn ailə ilə tanış olduq. 

Ayman Kalıyev: – Ailəmlə birgə Bakıya “Formula-1” yarışlarını izləməyə gəlmişik. Bakı çox təmiz və gözəl şəhərdir. 2-ci dəfədir ki, burda qonağıq. “Bakı Formula-1” şəhər halqası, xüsusilə bizi cəlb edir. Burada qurulmuş çətin keçidlər sanki labirintə bənzəyir. Bu yarışı belə gözəl şəhərdə izləmək olduqca maraqlıdır. İnsanlar da hər yerdə bizə sevgi-sayğı ilə baxır, yardımçı olmağa çalışırlar. Bakı, həqiqətən də, özəl bir məkandır. Xəzər dənizi isə şəhərə əlavə gözəllik bəxş edir. Gələcəkdə Bakıya yenə gəlmək istəyirik.

Olqa İvanovna, rusiyalı turist: – Rəfiqəmlə Bakıya bu möhtəşəm yarışı izləməyə gəlmişik. Sveta Belarusdandır, mən isə Rusiyadan. Bu gözəl cənub şəhərini çox sevirik. Yeməkləri xüsusilə bəyənirik. İnsanlar çox mehriban və ünsiyyətcildir. Hər kəsin heç olmasa bir dəfə bura gəlməyi fərqli bir şans sayıla bilər. “Formula-1” yarışında isə rəfiqəmlə mən “Red Bull” komandasını dəstəkləyirik.Yarışın nəticələrini həyəcanla gözləyirik. 

 







İdman