Formula 1 pilotları Bakı hazırlığı keçirlər

post-img

Formula 1 komandaları sentyabrın 13–15-də Azərbaycanda keçiriləcək Qran-pridə iştirak üçün Bakıya gəliblər. Artıq bəzi pilotlar trasa baxış keçirib, komandalarının pit-leyninə baş çəkib,  yarış hazırlığına başlayıblar.

Yarışdan əvvəl mətbuat konfransı təşkil olunub. Konfransda yarış iştirakçıları maraqlı fikirlər səsləndiriblər. 

“Bakı ilə bağlı xoş xatirələrim var”

“Alfa Tauri” komandasının pilotu Daniel Rikkardo Bakı Şəhər Halqasında yarışmağın heç də asan olmadığını deyib:

– Bakı ilə bağlı xoş xatirələrim var. 2017-ci ildə Azərbaycan Qran-Prisində qalib gəldim. Uzun zamandan sonra yenidən eyni şəkildə mübarizə aparmaq o qədər də asan olmayacaq. Bununla belə, xal qazanmaq üçün şanslar var.

Onun sözlərinə görə, yaxşı nəticə üçün komanda düzgün strategiya seçməlidir.  Həftəsonu formada olduqlarını göstərməlidirlər. Avtomobillərlə bağlı problemlər həll edilib. 

“20 pilotdan biri olmaq böyük şansdır”

“Haas” komandasının pilotu Oliver Berman Azərbaycan Qran-Prisinin onun karyerasında xüsusi yeri olduğunu deyib. O qeyd edib ki, 20 pilotdan biri olmaq böyük şansdır.

Niderlandlı Kevin Maqnusseni əvəzləyəcək 19 yaşlı britaniyalı sürücü deyib ki, komandası ona böyük ümidlər bəsləyir:

– Komandam mənə etibar etdi. Üzərimdə çox çalışmışam. Mənə ümidlər böyükdür. Bu, mənim Bakıdakı ilk yarışım olmayacaq. Risk etməsəm, gücümü göstərə bilməyəcəyəm.

O.Berman onu da bildirib ki, Azərbaycan Qran-Prisi onun üçün böyük təcrübə olacaq. Deyib ki, yarışdan-yarışa təcrübəsinin artdığını hiss edir. 

“Bakı treki mənə doğmadır”

“Aston Martin” komandasının pilotu Fernando Alonso həftəsonunun onlar üçün asan olmayacağını bildirib. Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən yollarının onların işini çətinləşdirəcəyini deyən təcrübəli sürücü vurğulayıb ki, mümkünsüz heç nə yoxdur. Hər zaman olduğu kimi mübarizə aparacaqlar. 

Dünya çempionu azarkeşlərə həyəcanverici anlar yaşadacaqlarına inandığını da dilə gətirib. O, Bakı trasının F1 təqvimindəki ən sürətli şəhər treki olduğunu xatırladıb:

– Bu trek mənə yad deyil. Dəfələrlə Bakı yarışında yaxşı nəticələr əldə etmişəm. Onu da bilirəm ki, yüksək sürətlə dar küçələrdən keçmək olduqca həyəcanvericidir.

“İnamlı mübarizə aparacağam”

Tədbirdə “Alfa Romeo” komandasının pilotu Quanyuy Çjou da maraqlı fikirlər səsləndirib. Bakı trasında qızğın mübarizə gedəcəyinə əmin olduğunu deyən pilot onu da qeyd edib ki, yarışda onların yaxşı çıxış etmək şansları var. 

Çinli pilot yarışdan gözləntilərinin böyük olduğunu da vurğulayıb:

– Çətin trekində mübarizə aparacağıq. Gözləntilər böyükdür. Yaxşı nəticə əldə etmək üçün həyəcanlı olmamalıyam. Onu da deyim ki, hər yarış təcrübə qazanmaq və təkmilləşmək üçün yaxşı fürsətdir. Belə fürsətlərdən istifadə etmək lazımdır. İnamlı şəkildə mübarizə aparacağam.

Leyla QURBANOVA,
Elşən AĞALAR (foto)
XQ

 



İdman