Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – “Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisinin startına sayılı saatlar qalır. Dünyanın sürət həvəskarları Bakı şəhərində növbəti dəfə keçiriləcək bu mötəbər yarışın startını böyük həyəcanla gözləyirlər. Artıq Azərbaycan Qran-Prisi 2024-ə olan maraq gözləntiləri üstələyib.
Bütün tribuna biletləri alınıb
Ölkəmizdə sentyabrın 13-15-də keçiriləcək bu mötəbər yarışın növbəti dəfə möhtəşəm şəkildə təşkil ediləcəyinə heç bir şübhə yoxdur. Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətinin məlumatına görə, bütün biletlər satılıb. Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.
Dördgünlük bilet sahibləri yarışı izləməklə yanaşı, Pit zolağı gəzintisi və dünya ulduzlarının konsert proqramlarında iştirak edəcəklər.
Pilotlar Bakıya sevinclə qayıdırlar
Formula 1 Bakı yarışının həyəcanına köklənən pilotlar maraqlı fikirlər səsləndiriblər. Avstraliyalı pilot Oskar Piastri Bakıya qayıtmağı səbirsizliklə gözlədiyini deyib:
– Artıq bir neçə aydır ki, küçələrdə yarışa çıxmırıq və Bakıda yarış həmişə maraqlı olur. Mənim nikbin proqnozlarım var. Sürətli bolidə malikik, müxtəlif növ yollarda rəqabət aparırıq.
“Alfa Tauri” komandasının pilotu Yuki Tsuno da Bakıdakı yarışın hər zaman gərgin və maraqlı keçdiyini söyləyib:
– Bakı trekini çox sevirəm. Ötən il də bu qədim şəhərin küçələrində yarışırdım. Son sağ küncdəki döngənin şəhərin dar hissəsi ilə kombinasiyasına heyranam. Təbii ki, Bakı treki pilotlardan xüsusi dəqiqlik tələb edir. Yaxşı haldır ki, sürücülərin zəif çıxışına səbəb olan bəzi maneələr aradan qaldırılıb. Avtomobillərə əlavə evakuasiya qapıları əlavə edilib. Bu da pilotların təhlükəsizliyi baxımından müsbət addımdır.
Bakı Şəhər Halqası cəsarət tələb edir
Formula 1-in finlandiyalı pilotu Valtteri Bottas deyib:
– Bakı Şəhər Halqası cəsarət tələb edən traslardan biridir,buna görə də ağıllı hərəkət etmək lazımdır. Keçmişdə dəfələrlə orada yaxşı nəticələr əldə etmişəm və həmişə bu çətin trasa qayıtmaqdan məmnunam. Onun uzun düz yollarında yaxşı sürət lazımdır, lakin bolidin dəqiq sürmə texnikası tələb edən dönmə hissələrinin öhdəsindən yaxşı gəlməsi də eyni dərəcədə vacibdir.
Yarışa hazırlaşan pilot komanda ilə birlikdə zəif tərəfləri təhlil etdiklərini də deyib. “Sauber" komandasında Niko Hülkenberq Bakı küçə trasının bəzi hissələrində, Köhnə şəhərdəki dar hissədə olan maraqlı trasda onları çox mürəkkəb və gərgin dövrə gözlədiyini deyib. “İlk dəfə biz oraya payızda gedəcəyik, adətən, mərhələ yazda olurdu, görək, bu nəyisə dəyişəcəkmi?”, – deyə o bildirib.
Pilotun ortağı, debütant Oliver Berman Formula 1-in sükanı arxasına qayıtmaq və ilk tam həftəsonunu keçirməyə çox şad olduğunu vurğulayıb:
– Konfiqurasiya stasionar deyil və çox mürəkkəbdir, divarlar bir-birinə yaxın məsafədədir, qalanın yaxınlığındakı dar bir ərazidə isə çox sıxdır. Mən lazımi tempi tapmaq üçün tədricən sürətimi artıracağam.
Çətin və şərəfli sınaq
Çinli pilot Quanyuy Çjou mövsümün Avropa hissəsi başa çatdıqdan sonra Bakıda həftəsonu tras yürüşlərinin növbəti seriyasının açıldığını və bunun çox maraqlı olduğunu bildirib:
– Azərbaycanın paytaxtı unikal yerdir, çünki həm şəhərin, həm də trasın özünəməxsus xarakteri var, eyni zamanda burada yarış həmişə maraqlı olur. Uzun düz yolların sıx və texniki döngələrlə birləşməsi həm sürücü, həm də avtomobil üçün problemdir.
Komandamız problemləri həll etmək üçün çox çalışır və qarşıda hələ çox iş var, bununla belə, mübarizəyə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Hər yarış təkmilləşmək üçün bir fürsətdir və biz bundan tam istifadə etməyə hazırıq.
Leyla QURBANOVA
XQ