Paralimpiya 2024: 18 idmançımız 11 medal qazandı

post-img

İnsan gücü sərhədsizdir və onun üçün əlçatmaz zirvə yoxdur. Ötən günlər ərzində Paris Yay Paralimpiya Oyunlarında hətta fiziki məhdudiyyətli hesab etdiyimiz şəxslərin əldə etdikləri fantastik nəticələr dünyanın hər yerində insanlar üçün böyük motivasiya oldu. İdmanın insanın mənəvi, fiziki tərbiyəsində oynadığı mühüm rol bir daha alqışlandı. 

Onların arasında Azərbaycandan olan qəhrəmanlar da var. İdmançılarımızın əzmkarlığı qürur mənbəyimizə çevrildi. Parisdə hər dəfə himnimiz səslənəndə, bayrağımız yüksəklərdə dalğalananda fəxarət hissi keçirdik. 

18 idmançı, 11 medal 

Ötən ay başa çatmış Paris Yay Olimpiya Oyunlarında komandamız 7 medal qazanaraq Azərbaycanın tarixində ilk dəfə ümumi hesabda 30-cu yeri tutmuşdusa, paralimpiyaçılarımız 11 medalla 28-ci nəticəni göstərib. Ötən paralimpiadalara nəzər salsaq, budəfəki yarışlarda paralimpiyaçılarımızın xüsusilə fərqləndiyini vurğulaya bilərik. 

Paralimpiadalar tarixində Azərbaycan komandası ən çox medalı “Tokio-2020”də qazanıb. Tokioya 36 idmançı ilə yola düşən komandamız oradan 19 medalla (14 qızıl, 1 gümüş, 4 bürünc medal) qayıtmışdı. Parisdə isə 18 idmançı ilə təmsil olunan yığmamız 4-ü qızıl olmaqla 11 medal əldə edib. Onu da qeyd etməliyik ki, millimiz ilk dəfə 7 idman növündə təmsil olundu.

Paraatletikadan Parisdə ən yaxşı nəticə 

5 idmançı ilə çıxış edən paraatletika millimizin heyətində Səid Nəcəfzadə (T12, uzunluğa tullanma), Orxan Aslanov (T13, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13, 100 metr qaçış) fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. “Tokio-2020”də 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva mötəbər yarışın favoritləri arasında idi. 22 yaşlı atlet builki dünya çempionatında iştirak etdiyi 100 və 400 metr məsafələrə qaçışda qızıl medal qazanmışdı. O, Paris Paralimpiadasında qızıl medalla yanaşı, 400 məsafə üzrə qaçışda da uğurla çıxış edərək gümüş medala sahib oldu. 151 ölkə təmsilçilərinin mübarizə apardığı paratletika yarışlarında komandamız yekun sıralamada 19-cu yeri tutdu.

Paraüzgüçülərimiz bu dəfə də fərqləndilər

Paralimpiadada paraüzgüçülük üzrə komandamız da fərqləndi. Üzgüçü Raman Salei bundan əvvəl sahib olduğu 4 paralimpiya medalına daha 3-nü (1 gümüş və 2 bürünc) əlavə etdi. Tokio Paralimpiadasının qalibi Vəli İsrafilov (100 metr, brass, SB13) isə bu dəfə bürünc medal qazandı. Deməli, paralimpiadada 11 medaldan 8-i bu idman növlərinin payına düşür. Ötən paralimpiadalarda da atletika və üzgüçülük üzrə yaxşı nəticələr qazanılıb. 

İlk parataekvondo medallarımız 

Fəxrlə deyə bilərik ki, Paris Paralimpiadasında parataekvondoda Azərbaycan ilk medallarını qazandı. Bu növdə qızıl medala sahib olan İmaməddin Xəlilov (70 kq, K44) idman tariximizə ilk Paralimpiya çempionu kimi düşdü. Yığmamızın digər üzvü Sabir Zeynalov (58 kq, K44) isə 3-cü yeri tutdu. 

Yığmamızın üzvü “Afina-2004”də ilk medalını qazanan əfsanəvi idmançı İlham Zəkiyevin nailiyyətini yaddan çıxarmamalıyıq. Afina və Pekin paralimpiadalarının qalibi, London, eləcə də Rio oyunlarında 3-cü yeri tutan 44 yaşlı cüdoçu bu dəfə xalqımızı bürünc medalla sevindirdi. 

Vətənimiz Azərbaycana alnıaçıq geri dönürük

İlham Zəkiyev jurnalistlərə açıqlamasında yarışla bağlı təəssüratlarını bölüşərkən istənilən medalın qələbə demək olduğunu bildirib:

– Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Üçrəngli bayrağımızı çalışacağıq həmişə zirvələrdə saxlayaq. 

Bu günə qədər iştirak etdiyim Paralimpiya yarışlarından ən zəifi Parisdə oldu. Biz isə bütün olanlara rəğmən, bayrağımızı Fransada yüksəklərdə dalğalandıra bildik. İdmançı dostlarımız dövlət himnimizi dəfələrlə səsləndirdilər. Bunun üçün çox qürurlu və xoşbəxtik. Vətənimiz Azərbaycana başımız dik, alnımız açıq geri dönürük.

Doğrudan da, paralimpiyaçılarımız Vətənə böyük qələbələrlə dönürlər. İllər ərzində bir-birindən çətin maneələri aşan dəmir iradəli insanlar əzmkarlıqları ilə milyonlar üçün nümunədir. Zirvəyə gedən çətin yoldan usanmayan, yorulmayan, Azərbaycanı layiqincə təmsil edib bayrağını yüksəklərdə dalğalandıran yenilməz paralimpiyaçılarımız ən böyük alqışa layiqdirlər. 

L.QURBANOVA 
XQ

 



İdman