Avqustun 28-də “Paris-2024” Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Mərasim Parisdə dünyanın müxtəlif ölkələrindən 184-ə qədər nümayəndə heyətinin iştirak etdiyi məşhur Yelisey meydanında paradla açılacaq, daha sonra Konkord meydanında davam edəcək. Açılış mərasimində Azərbaycanın bayraqdarları İmaməddin Xəlilov və Lamiyə Vəliyeva olacaqlar.
Paralimpiadanın bütün yarışları Fransanın paytaxtı, eləcə də Paris ətrafında keçiriləcək. Paralimpiya idman qurğularının əksəriyyətində Olimpiya Oyunlarının yarışları da keçirilib. “La Défense” üzgüçülük, Roland Garros əlil arabası tennisi, “Paris-Bercy” əlil arabası basketbolu, Porte de la Chapelle parabadminton və parapauerliftinq, Saint-Quentin-en-Yvelines paravelosiped, Chateauroux parasport atıcılığı, “Paris-Nord Villepinte” oturaq voleybol yarışlarına ev sahibliyi edəcək. Parisdəki bir çox digər olimpiya obyektləri Fransa təşkilatçıları tərəfindən Paralimpiya yarışları üçün uyğunlaşdırılıb.
Paralimpiya oyunlarında bəzi yarışlar klassik idman meydançalarında deyil, müvəqqəti meydançalarda keçiriləcək. Paralimpiya oyunları zamanı Fransa paytaxtının əsas simvolu yaxınlığında 5x5 futbol yarışları (B1 sinfi – tamamilə kor idmançılar) keçiriləcək. Digər müvəqqəti məkan isə paracüdo və əlil arabası ilə reqbi yarışlarının keçiriləcəyi Field of Mars Arenadır.
Paralimpiya Oyunlarında 182 ölkədən 4400-ə yaxın idmançı 549 dəst medal uğrunda mübarizə aparacaq. Azərbaycanı Oyunlarda 7 idman növü üzrə 19 idmançı təmsil edəcək. Avqustun 29-da – yarışların ilk günündə parataekvondoçu Sabir Zeynalov (K44 kateqoriyasında – 58 kq), paraüzgüçü Könül Süleymanova (S2 kateqoriyasında 100 m arxası üstə), parakamandan oxatma üzrə isə Cahan Musayev təsnifat mərhələsində mübarizəyə başlayacaqlar. Təmsilçilərimizin çıxışı sentyabrın 7-də başa çatacaq. XVII Paralimpiya Yay Oyunları sentyabrın 8-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanın paralimpiya komandası 1996-cı ildən başlayaraq 7 dəfə Yay Paralimpiya Oyunlarında, bir dəfə isə Qış Paralimpiya Oyunlarında çıxış edib. Paralimpiyaçılarımız ən yaxşı nəticəyə “Tokio-2020”də imza atıblar. Komandamız Tokioda 14-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla 19 medal qazanıb.
L. QURBANOVA
XQ