Dünyada milyonlarla insanın ürəyini fəth edən basketbol uşaqlar və böyüklər üçün əlçatan olması ilə sevilir. Kifayət edər ki, “səbət topuna” maraq yaransın. Azərbaycanda da son 2 ildə əsl basketbol həyəcanının yaşanması dinamik idman növünə marağı xeyli artırıb. Bu idman növünün, əsasən də orta məktəblərdə inkişaf etməsi üçün görülən tədbirlər yeni bir ənənənin əsasını qoymaqdadır. Bu, həm də müxtəlif yaş qruplarında uşaqların kütləvi idmanla məşğul olub-olmaması ilə bağlı bir sıra suallara aydınlıq gətirir. Elə “Cəlilabad” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərovla söhbətimiz də bu mövzuda oldu.
Cənub bölgəsində bu idman növünün inkişafı, uşaqların basketbola cəlb olunması üçün böyük səy göstərən məşqçi son illər seleksiya işləri nəticəsində lazımi işlərin görüldüyünü bildirdi. Vurğuladı ki, seçilmiş uşaqlar müəyyən mərkəzdə cəmləşdirilir, həm təhsil, həm də məşq keçmələri üçün şərait yaradılır. Hazırda bir neçə belə mərkəz mövcuddur, gələcəkdə onların daha da genişləndirilməsi nəzərdə tutulur.
Təbii ki, bu sahədə problemlər də var. Əsas mərhələyə tələblərə cavab verən uşaqlar seçilsə də, onların mərkəzlərə cəlb olunmasında passivlik hiss olunur. Bu prosesdə valideynlər də fəallıq göstərmir, müxtəlif bəhanələrlə uşaqları idmandan uzaqlaşdırırlar. Cəlilabadda 2 seleksiya nəticəsində 6 perspektivli uşaq seçilib. Onlardan da 2-si Gəncə şəhərində məşqləri davam etdirir, eyni yaş qrupunda komandada oynayacaqlar. Onlar çox istedadlıdırlar. İnanıram ki, gələcəkdə digər komandaların, eləcə də, ölkə yığmasının heyətində onları görə biləcəyik.
Şəhriyar müəllimin fikirlərinə əlavə olaraq qeyd etməliyik ki, cəmiyyətdə hələ də, idmanın dəyərini bilməyən, onu yetərincə qiymətləndirməyən valideynlər var. Bəzən deyirik ki, basketbol əlçatan olmalıdır və məhəllələrdə, küçələrdə səbətlərin, dirəklərin quraşdırılması müsbət nəticə verəcək. Çox təəssüf ki, məhəllələrdə bəzən uşaqların hansısa komanda idman növündə oynamaq təşəbbüsləri elə valideynlər tərəfindən pozulur. Məhəllə sakinləri mane olurlar ki, uşaqlar digər yerlərdə yığışsınlar. Baxmayaraq, öz uşaqları da komandada oynayır. Səs-küy və digər məsələlər onları narazı salır. Deməli, idmanın kütləviliyinin artırılması üçün insanların düşüncələri dəyişməlidir. Ələlxüsus peşəkar basketbolun nə demək olduğunu valideynlərə başa salmalıyıq. Mütəxəssislərlə yanaşı, media da bu işə dəstək göstərməlidir. Basketbolu yalnız idman növü, əyləncə kimi qəbul etmək düzgün deyil. Elə Şəhriyar müəllimin də dediyi kimi, bu, bir peşədir. Bir müddətdən sonra həmin uşaq yaxşı pul qazana, öz həyatını qura bilər. Bununla o, gələcəyə daha hazırlıqlı addım atar. Ali təhsil müəssisələrində basketbol inkişaf edir, tələbə liqası var. Valideynlərə çatdırmalıyıq ki, uşaqların karyerasında, bu, mühüm bir mərhələ olacaq.
Bu gün hər birimiz aşağı siniflərdə neçə nəfərin idmanla məşğul olacağını soruşsaq, məyus olarıq. Bəzi valideynlər idmanın uşağın təhsilinə mane olacağını düşündüyü üçün, digərləri laqeydlik ucbatından, başqa bir qismi isə maliyyəni bəhanə edib kiçikyaşlıları idman bölmələrinə vermirlər. Halbuki, bəzi idman növləri ilə pulsuz məşğul olmaq mümkündür.
Şəhriyar Əsgərov bu gün orta məktəblərdə aşağı siniflərdə uşaqların idmanla məşğul olmadıqlarına görə seçim prosesinin çətin olduğunu dedi:
– Cəlilabadda yaratdığımız Basketbol Akademiyasına seçimlər üçün məktəblərə getdik. Düzdür, çətinliklər var. Çünki 1 sinifdə təhsil alan 25–30 uşaqdan 2-si–3-ü, ən yaxşı halda 4-ü bu və ya digər idman növündə məşğul olur. Buna baxmayaraq, 8-12 yaşlı uşaqlar arasından seçimlər maraqla qarşılandı. Həmin uşaqlar öz asudə vaxtlarını da maraqlı keçirirlər. Hər həftə sonu oyunlar təşkil olunur. Matçlarda valideynlər də iştirak edirlər. Bizə yaxın ölkələrdə – Türkiyə, Baltikyanı ölkələrdə, Gürcüstanda da bu təcrübədən istifadə edilir.
O, uşaq idmanı mütəxəssislərimizin öz üzərlərində daim işləmələrinin vacib olduğunu da dedi. Qeyd etdi ki, 6-7 yaşlı uşaqlarla daha çox qadın məşqçilərin işləməsi məqsədəuyğun olardı. Məktəbə yeni gedən, yaxud məktəbəqədər yaşda olan uşaqlara daha yumşaq münasibət olmalıdır. Uşaqların psixoloji durumu, onların fiziki hazırlıq səviyyəsi öyrənilməlidir. Mütəxəssislərin bilik və bacarıqlarını artırmaq üçün beynəlxalq və yerli seminarlar təşkil olunur. Hər birimiz belə şanslardan yetərincə istifadə etməliyik. Bu gün uşaqlarla işləyəcək bacarıqlı mütəxəssislərə böyük ehtiyac var.
Basketbolla bağlı yeni layihələrdən biri də hər şəhərdən bir neçə məktəbdə bədən tərbiyəsi dərslərinin basketbolyönümlü olmasıdır. Şəhriyar müəllim bunun nə dərəcədə effektli olmasını gələcəkdə görə biləcəyimizi dedi. Şübhəsiz, bu, həmin müəllimlərin basketbolun sirlərini öyrənmək səviyyəsindən asılıdır. Bu işlər bacarıqlı məşqçilər tərəfindən aparılarsa, yaxın zamanlarda biz bunun bəhrəsini görə biləcəyik.
Hazırda 3 yaş qrupunda Uşaq və Gənclər Basketbol Liqasının keçirilməsi də basketbolun inkişafı üçün daha bir vasitədir. Yarışlar oktyabrın sonunda başlayır, may, hətta iyun ayına qədər davam edir. Bu müddət ərzində uşaqlar hər həftə oyunlar keçirirlər. Liqaya hər yaş qrupunda 25-26 komanda qatılır. Qruplarda 10-12 komanda əsas liqaya vəsiqə qazanır. Onlar da 5-6 ay ərzində çempionu müəyyənləşdirirlər.
Şəhriyar Əsgərovun sözlərinə görə, bu çempionata böyük maraq var. Basketbol Federasiyası tələb qoyub ki, Azərbaycan Basketbol Liqasında iştirak edən bütün komandaların 1-ci Liqada və Uşaq Liqasında 1 komandası olmalıdır. Bu da 12 yeni komanda deməkdir.
Məşqçi “Cəlilabad” klubu olaraq bölgə liqasını təşkil etmək istədiklərini vurğuladı:
– Düzdür, bu, hələ real deyil. Tək Cəlilabadda basketbol yaxşı inkişaf edib. Digər şəhər və rayonlarda o qədər də inkişaf etməyib. Bildiyimə görə, Gəncə bölgəsində belə yarışlar keçirilir.
Bu gün basketbol həm paytaxt Bakıda, həm də digər şəhər və rayonlarımızda inkişaf etməyə başlayıb. Böyük idmanda uğurlar qazanmaq istəyiriksə, mütləq əvvəlcə uşaq idmanında nailiyyətlər əldə etməliyik. Düşünürük ki, basketbolun uşaqlar arasında inkişafı gələcəkdə böyük uğurların açarı ola bilər.
Leyla QURBANOVA
XQ