İspaniyanın "Real" klubu UEFA Superkuboku uğrunda matçda İtaliyanın "Atalanta" klubunu 2:0 hesabı ilə məğlub edib. Qarşılaşma Varşavanın (Polşa) "Narodovı" stadionunda keçirilib. Komandalar ilk hissədə qol vura bilməyiblər. Yalnız 59-cu dəqiqədə kral klubu Valverdenin dəqiq zərbəsilə önə keçib. 68-ci dəqiqədə isə "Real"la ilk rəsmi matçına çıxan Mbappe debüt qolu ilə komandasına mükafatı qazandırıb - 2:0.
Karlo Ançelotti Mbappenin oyununa münasibət bildirib: "Mbappe çox yaxşı çıxış etdi. Kilian komandamıza yaxşı uyğunlaşdı. UEFA Superkubokunda o, Vinisius və Bellinqhemlə çox yaxşı münasibət qurdu. Aydın məsələdir ki, oyunçularımız bir çox keyfiyyətlərə malikdirlər, lakin onlar birlikdə oynamalıdırlar, biz bunu bacardıq”. Beləliklə, ispan klubu tarixində altıncı dəfə – 2002, 2014, 2016, 2017, 2022 və 2024-cü illərdə UEFA Superkubokunu qazanıb və yeni rekorda imza atıb. Madrid klubu kuboku 5 dəfə qazanan İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarını qabaqlayıb.
Bu qələbə baş məşqçi Karlo Ançelottinin də rekorda imza atmasına imkan verib. O, 2003 və 2007-ci illərdə "Milan", 2014, 2022 və 2024-cü illərdə isə "Real"la UEFA Superkubokunun qalibi olub. Ançelotti həm də bir oyunçu kimi UEFA Superkubokunu qazanıb: 1990-cı ildə o, "Milanın" "Sampdoriya" üzərində 3:1 hesablı qələbəsində iştirak edib. Beləliklə, ümumilikdə, 6 dəfə bu kuboka sahib çıxıb.
P.ƏFƏNDİ
XQ