“Google” şirkəti həvəskar səviyyəsində stolüstü tennis oynaya bilən robot yaradıb. Şirkətdən bildirilib ki, “DeepMind Robotics” komandası tarixdə ilk dəfə robota insan səviyyəsində tennis oynamağı öyrədib. Təlim hər bir konkret vəziyyətdə müvafiq zərbəni seçən yüksək səviyyəli alqoritmlə birləşdirilib. Hətta onunla həvəskar tennisçilər arasında yarış da təşkil edilib.
Yarışın nəticələri maraqlı olub. Tennis-robot başlanğıc səviyyəsində olan həvəskar tennisçiləri məğlub edib. Orta səviyyəli həvəskar tennisçilərin 55 faizi də onunla bacarmayıb. Lakin peşəkar idmançılarla qarşılaşma robot üçün çətin olub. Ümumilikdə, 29 qarşılaşma keçirilib. Onların da 45 faizi robotun qələbəsi ilə yekunlaşıb.
Məlum olub ki, robot ən çox sürətli zərbələri yerinə yetirərkən çətinlik çəkib. Hazırda alimlər sistemin təkmilləşdirilməsi üzərində işləyirlər. Çalışırlar ki, robotun oyunu rəqib üçün daha gözlənilməz olsun. Bundan əlavə, robot rəqibin strategiyasını öyrənmək üçün daxili qabiliyyətə malik olacaq.
Bu il daha bir yeniliklə yadda qalacaq. “OpenAI” şirkəti süni intellekt sahəsində inqilab edəcəyini vəd edib. Bu məqsədlə “ChatGPT-5”i işə salmaq niyyətindədir. Söhbət süni intellekt (AGI) konsepsiyasından gedir. Bu o deməkdir ki, süni intellekt insanın düşündüyü istənilən problemi öyrənə biləcək. Bu, onu insandan fərqləndirməyəcək. İnsanın güclü və zəif tərəflərini təhlil edərək onun rəqibinə çevriləcək.
PÜNHAN
XQ