Vatikan Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki “müəyyən səhnələrdən” məyus olub. Müqəddəs Taxt-Tac, rəsmi mətbuat xidmətinin bəyanatında qeyd edildiyi kimi, söz və ifadə azadlığını şübhə altına almır, ancaq başqalarına da hörmət olunmasını vacib sayır.
“Müqəddəs Taxt-tac son günlərdə bir çox xristianların və başqa dinlərə etiqad edənlərin müəyyən səhnələrdən incidiyini qeyd edənlərin səslərinə qoşulmaya bilməz. Ümumi dəyərləri bir araya gətirən belə bir mötəbər tədbirdə dini inancları təhrif edən metaforalara əl atmaq olmaz”, - deyə məlumatda vurğulanıb.
İyulun 26-da Parisdə keçirilən Oyunların açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin təxribat xarakterli parodiyası nümayiş etdirilib. Bundan əlavə, tədbir bir sıra təsadüfi hallarla yadda qalıb. Belə ki, Eyfel qülləsi yaxınlığındakı Olimpiya bayrağı bayraq dirəyinə tərs asılıb və stadionda diktorlar Cənubi Koreya idmançılarını KXDR nümayəndələri kimi təqdim ediblər.