“Paris-2024”: Olimpiya rinqindən də “qızıl” gözləyirik

post-img

Azərbaycanın milli Olimpiya komandası cüdoçuların 2 qızıl medalından sonra daha bir uğura imza atıb. Bu dəfə Olimpiya rinqində finala sevindik. 

İlk görüşündə 2 qat Olimpiya çempionu Xulio Sezar La Krusu, daha sonra Aybek Oralbayı (Qazaxıstan) məğlub edərək yarımfinala yüksələn Alfonso Dominqesin (92 kq) növbəti görüşü bazar günü Enmanuel Reyes Pla (İspaniya) ilə olub. Təmsilçimiz Kuba əsilli idmançını 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edərək, finala yüksəlib. Bununla da, komandamız 2 qızıl medaldan sonra azı gümüş mükafatı özü üçün təmin edib. “Tokio-2020”də bürünc medal qazanan Alfonso Azərbaycan tarixinə iki Olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.

Buna qədər boks Olimpiya komandamız iştirak etdiyi 7 olimpiadanın hamısında medal qazanmaqla 9 mükafat əldə etsə də, yığmamızın aktivində hələlik qızıl medal yoxdur. Debütü “Atlanta-1996”da gerçəkləşən boks yığmamız bunadək yalnız bir dəfə finalda təmsil olunub. “Rio-2016”da Lorenso Sotomayor yarımfinala çıxsa da, təəssüf ki, final səddini keçə bilməyib və gümüş mükafatla kifayətlənib. 

Alfonso Dominqes Azərbaycan boks komandasında çatışmayan qızıl medalı qazanmaq niyyətindədir. Rinq ustası özü də Olimpiadaya “qızıl” üçün getdiyini deyib:

– Finala qədər güclü rəqiblərlə üz-üzə gəldim. Hər bir rəqibimə böyük hörmətlə yanaşıram. Artıq həll­edici mərhələdəyəm. Hər şey yüksək səviyyədədir. Rəqibim mənim qızıl medal qazanmaq istəyimə mane ola bilməyəcək. Azərbaycana qızıl medalla qayıtmaq istəyirəm.

İstedadlı rinq ustamız finalda güclü boks ölkələrindən biri olan Özbəkistan təmsilçisi Lazizbek Mullojonov ilə üz-üzə gələcək. Təmsilçimizin Tokio Olimpiadasından Paris Oyunlarına qədər olan müddətdə böyük uğurlar əldə etməsi “qızıl” ümidlərimizi artırır. O, 2021-ci ildə Belqradda keçirilən dünya çempionatında qızıl medala layiq görülüb. Son dünya çempionatının gümüş mükafatını alıb. Builki Avropa çempionatında 3-cü yeri tutub. 

 Onun finaldakı rəqibi Lazizbek Mullojonov isə son Dünya çempionatında 3-cü yerin sahibi olub. 2022-ci ildə Asiya çempionatının qalibi adını qazanıb. Təbii ki, Özbəkistanın güclü boks ənənələrinə də diqqət yetirmək lazımdır. Bu ölkənin təmsilçilərinin son 7 Olimpiya Oyunlarında qazandıqları 10 qızıl medalın tən yarısı –5-i boksun payına düşür.   

Beləliklə, Azərbaycan boks üzrə ilk dəfə qızıl medal qazanmağa çox yaxındır. Əminik ki, müstəqillik dövründə iştirak etdiyimiz olimpiadalar tarixində boksda 10-cu – yubiley mükafatımız qızıl medal olacaq!

İdman