Avqustun 5-dən Azərbaycanın yunan-Roma güləşçiləri Paris Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.
Dünyada ən güclü rəqiblərdən sayılan “klassiklərimiz”dən Parisdə yüksək nəticələr gözləmək üçün əsas var. Təsadüfi deyil ki, ötən il yunan-Roma güləşi üzrə millimiz (kişilər) komandalar arasında ilk dəfə Dünya çempionu olub. Eyni zamanda, U-23 Avropa çempionatında da yunan-Roma güləşçilərimiz ilk dəfə qitənin ən güclüsü adına layiq görülüblər. Elə olimpiadalarda da onların çıxışına nəzər salsaq, son 5 olimpiadanın hamısından Vətənə medallarla qayıtdıqlarını görərik. Bu idman növü üzrə ən böyük nailiyyəti “Afina-2004”də Fərid Mansurov qızıl medal əldə etməklə qazanıb.
Dünən əvvəlcə millimizin üzvü Murad Məmmədov (60 kq) 1/8 finalda Venesuela təmsilçisi Rayber Xose Rodriges Orozko ilə qarşılaşıb. Son Dünya çempionatlarının bürünc və gümüş mükafatçısı, builki Avropa çempionatının qalibi 5-6 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Sabah Şəriəti (130 kq) də mübarizəyə 1/8 finaldan start verib. “Rio-2016”nın bürünc mükafatçısı estoniyalı Heiki Nabiyə qalib gəlib.
1/4 finalda isə qazaxıstanlı Alimxan Sızdikov ilə üz-üzə gələn pəhləvanımız 4:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.