Bu gün boksçularımız mübarizəyə başlayırlar

post-img

Bu gün müasir Olimpiya Oyunlarının ilk növlərindən sayılan boks yarışları start götürür. Tarixi 5 min bundan əvvəlki dövrlərə gedib çıxan bu idman növü cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. 

Olimpiya oyunlarında boks üzrə ilk medal “Sid­ney-2000”də qazanılıb. Təmsilçimiz, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Ələkbərov bürünc medala layiq görülüb. 2004-cü il Afina Olim­piadasında boksçularımız böyük uğurla çıxış ediblər. 51 kiloqram çəki dərəcəsində Fuad Aslanov, 54 ki­loqram çəkidə isə Ağası Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.

Afina-2004 Olimpiadasında 1/4 finalda müba­rizəni dayandıran Şahin İmranov (57 kq) Pekin-2008 Yay Olimpiya Oyunlarının boks üzrə yeganə bürünc medalını qazanıb. “London-2012”də həmçinin boks­çular Teymur Məmmədov (-91) və Məhəmmədrəsul Məcidov (+91 kq) isə London Olimpiadasını bürünc medalla başa vurublar. 

Azərbaycan boks millisi “Rio-2016”da ən yax­şı nəticəsinə imza atıb. Komandamızın üzvlərindən Lorenzo Sotomayor (64 kq) həlledici qarşılaşmada qüvvəsini sınayıb. Bununla, boks tariximizə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız həl­ledici mərhələdə uduzaraq gümüş medal qazanıb. Kamran Şahsuvarlı (75 kq) isə Braziliyadan bürünc medalla qayıdıb. Son Oyunlarda “Tokio-2020”də də komandamız medal əldə edib. Yığmamızın aktivinə yeganə medalı (bürünc) Alfonso Dominges (81 kq) əlavə edib. Bununla da, boks millimiz “Olimpia­da-1996” istisna olmaqla bütün Oyunlardan medalla qayıdıblar. Budəfəki mötəbər yarışlarda da boksçu­larımız əsas medal ümidlərimizdəndir. 

Yığmamız üçün yarışa bu gün saat 18:18-də start veriləcək. Millimiz Fransa paytaxtında 5 boksçu ilə mübarizə aparacaq. Rinqə çıxacaq ilk təmsilçimiz Alfonso Dominqes (92 kq) olacaq. O, ilk döyüşünü Xulio Sesarla Krus (Kuba) keçirəcək. Bir gün sonra Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafak (Al­maniya) ilə qarşılaşacaq. Həmin gün daha bir təm­silçimiz – Malik Həsənov (63,5 kq) rinqə çıxacaq. Onun rəqibi Laşa Quruli (Gürcüstan) olacaq. İyulun 30-da Nicat Hüseynov (51 kq) Yunior Alkantara Re­yeslə (Dominikan Respublikası) gücünü sınayacaq. Yığmamızın digər üzvü Murad Allahverdiyev (80 kq) isə Abdelrahman Abdelqavvad (Misir) ilə müba­rizə aparacaq. 

Yeri gəlmişkən, boksçularımızın hamısı Olimpi­adaya 1/8 finaldan başlayacaqlar. Əminik ki, rinq us­talarımız ümidləri doğruldaraq Vətənə böyük uğur­larla qayıdacaqlar!

İdman