İspaniya milli komandasının uğurlu yürüşü finala çatdı
İspaniya yığması Avro-2024-ün finalında! Avropa çempionatında ən yaxşı nəticə göstərən komanda Fransanı evə göndərdi. Bu, sadəcə, finala çıxmaq matçı deyildi, böyük ideoloji qarşıdurma idi. İspaniya milli komandası favoritlər arasında ən yaxşı çıxış etdiyini təsdiqlədi. Fransız futbolu isə haqlı olaraq turnir futbolu, lakin daha tez-tez - antifutbol adlandırılır.
Avro-2024-ün ilk yarımfinalında dünya futbolunun ağır çəkili iki komandası qarşılaşdı. Biri turnirin ən uğurlu komandası, digəri isə kubok uğrunda mübarizəni davam etdirənlər arasında ən az xal toplayan komanda idi.
Didye Deşam yarımfinalda Antuan Qrizmanı ehtiyat oyunçular skamyasında qoymuşdu. Fransa mətbuatı baş məşqçinin forvardın formasından narazı olduğunu yazmışdı. Luis de la Fuente isə start heyətində üç dəyişiklik etmək məcburiyyətində qalmışdı: Dani Karvaxal və Robin Le Normand cəza aldıqları üçün heyətə düşməmişdilər, Pedri üçün isə zədə səbəbindən Avro-2024 erkən başa çatmışdı. 38 yaşlı Xesus Navas müdafiənin sağ cinahında Kilian Mbappeyə qarşı oynayırdı. Kilian bu gün meydana maskasız çıxmışdı! Öz əslini bərpa etmək və Fransanın qalib gəlməsinə kömək etmək üçün “Real” Madridin yeni oyunçusu burnunun qırılması riskini gözə almışdı.
İlk təhlükəli məqamı ispan futbolçularının yaratması təəccüblü olmadı. Çünki ispanlar elə ilk dəqiqələrdən əvvəlki kimi daha yaxşı oynadılar. Deşamın komandası müdafiə olunarkən Rodriyə qarşı N'Qolo Kante “silah”ını işə saldı. Amma bu vəziyyətdə fransızlar digər rəqib mərkəz yarımmüdafiəçisi Fabian Ruizi diqqətdə saxlamaqdan məhrum olmuşdular. Avropa çempionatlarının və ya Dünya Kubokunun yarımfinalında oynayan ən gənc futbolçu Lamin Yamal rəqib qapısının uzaq dirəyinə asma ötürmə etdi, lakin Fabian Ruizin dəqiq baş zərbəsi üçün boyu və ya kifayət qədər hündürə tullanmağa gücü çatmadı. Top qapının üstündən keçdi.
Bundan cəmi dörd dəqiqə sonra fransızlar ispanların bu hücumuna qolla cavab verdilər. Navasın cinahı ilə bağlı qorxular səkkizinci dəqiqədə özünü doğrultdu. Navas öz mövqeyini zəif seçdi, ofsayd əvəzinə dərinlik yaratdı və Kilianın ötürməsinə mane olmadı. Kilian Mbappe topu cərimə meydançasının sol kənarında qəbul etdi və qapıçı meydançasının uzaq dirəyənə ötürmə etdi. Emerik Laport qapıda önündə Randal Kolo-Muanini qaçırdığı üçün Mbappenin ötürməsi assistə çevrildi. Randal Kolo-Muani dəqiq oynadı və topu adi bir baş zərbəsi ilə küncə göndərdi. “Xoruzların” bu qolu, ispan futbol korridalarını əsla təslim etmədi.
Doğrudur, qoldan sonrakı 10 dəqiqə ərzində belə görünürdü ki, Fransa boşluqdan daha səmərəli istifadə edərək oyuna nəzarət edir. Amma Avro-2024-də biz Ronaldo kimi bir ulduzun “yoxa çıxması” ilə yanaşı, həm də başqa bir ulduzun – Lamin Yamalın doğulmasının şahidi olduq. Hər şey Lamin Yamalın çılğın və möhtəşəm qolu ilə başladı. O, əvvəlcə müdafiəçiləri aldatdı, sonra isə sol ayağı ilə zərbə endirib topu rəqib qapısının “doqquzluğuna” göndərdi. Bu şedevr qolu ilə Lamin Avropa çempionatları tarixində ən gənc qol vuran futbolçu kimi tarixə düşdü.
Matçdan əvvəl fransalı təcrübəli yarımmüdafiəçi Adrien Rabiot “Yamalı comfort zonasından çıxaracağına” söz vermişdi. Gənc cinah oyunçusu buna sosial şəbəkədə paylaşımı ilə cavab vermişdi: "Səssiz hərəkət edin, yalnız “şah və mat” demək vaxtı gələndə danışın." Lamin Adrianın müdafiə zonasından keçib cərimə meydançasının kənarından yuxarı küncə gözəl zərbə ilə qol vurmaqla Rabiotu və Fransa millisini mat qoydu.
Beləliklə, Fransa və İspaniya hədəfə ilk zərbələri ilə qol vurdular. “Xoruzlar” “korridoların” cavab qolundan sonra özlərinə gəlməyə macal tapmamış de la Fuentenin komandası ikinci qolu vurdu. Hücum zamanı Yamal yenidən mərkəzə keçərək, ötürməni edən Navas üçün cinahı azad etdi. Qapı önündən qayıdan topu ələ keçirən Dani Olmo parlaq oynadı. İki toxunuşla o, zərbə mövqeyinə girdi və aşağıdan “atəş açdı”. Jül Kunde ayağını yerə qoydu və top tordadır. Yenə avtoqol. Amma əvvəlkilərdən fərqli olaraq, bu avtoqol fransızların xeyrinə olmadı. Yox, bu qol ona haqqı çatan Olmonun hesabına yazıldı. Axı möhtəşəm oynayan o, idi.
Fasiləyə qədər ispanlar və fransızların hər biri hədəfə üç zərbə vurdu. Deşam bu hissəni de la Fuenteyə uduzdu, ona görə də ikinci hissədə nəyisə dəyişməli idi. Pressinq alınmadı, “xoruzlar” “korridolar”ı təzyiq altında saxlaya bilmədilər.
Baş məşqçi Deşam Qrizmanı Bredli Barkol və Eduardo Kamavinqa ilə birlikdə meydançaya buraxmazdan əvvəl, daha 25 dəqiqə gözlədi. İkinci hissənin əvvəli də ispanlar Fransa yığmasının xətlərindəki boşluqlardan istifadə edərək əks-hücumlarla üstünlüyü ələ keçirdilər. Amma Navas yorulduğundan 58-ci dəqiqədə meydanı tərk etdi. De la Fuente Naçonu sağ cinaha keçirməli oldu və müdafiənin mərkəzində yeni Laport və Dani Vivian dueti formalaşdı.
İspaniya yığması, sözün əsl mənasında, çempion kimi oynadı. De la Fuentenin komandası fransızları topun arxasınca qaçmağa məcbur edir və düşünülmüş şəkildə topa sahiblik edərək tempi aşağı salırdılar. Kapitan Alvaro Morata bilərəkdən özünə qarşı cərimələr topladı. Matçın əsas vaxtının bitməsinə cəmi 25 dəqiqə qalmış Deşamın komandası fasilədən sonra ilk dəfə qapıya zərbə endirdi. Hətta həmin epizodda da Teo Hernandes topu hardasa “açıq kosmosa” vurdu. Ruiz öz qapısı qarşısında anı bir təhlükəli vəziyyət yaratdı. Öz texnikasına çox inanan Fabian bir neçə dəfə ətrafında fint etdi və gözlənilmədən öz cərimə meydançasında topu itirdi. Çətinliklə də olsa ispanlar bu vəziyyəti aradan qaldırdılar.
Bundan sonra İspaniya komandası topa nəzarətə üstünlük verdi və bununla da Fransanın hücumdakı aktivliyini minimuma endirdi. İkinci hissədə Fransa ispanların hədəfinə yaxınlaşmaları təşkil etməyə çalışsa da, nəticəsi olmadı. Hətta təcrübəli Antuan Qrizmann və Olivier Jirunun meydana çıxması da kömək etmədi. Mbappe heç maskasını çıxarmamış kimi oynadı. Kilian meydanda itmiş kimi görünürdü və özünü yaxşı vəziyyətdə tapanda belə topu çərçivədən kənara vururdu.
Deşamın komandası Unai Simonun qapısına cəmi 9 dəfə zərbə endirdi, üç dəfə hədəfə tuş gəldi. İspanların altı zərbəsindən ikisi hədəfə çatmışdı. Buna baxmayaraq, onların matçı xilas etməyə ehtiyacları yox idi. Fransızlar əvvəlki kimi yenə zəif hücum oyunu nümayiş etdirdilər. Ona görə də finala layiq deyildilər.
Statistikaya nəzər salaq:
İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal eyni vaxtda futbol kralı Pelenin iki rekordunu geridə qoydu 16 yaşlı ispaniyalı tarixdə dünya çempionatı və ya avronun yarımfinalında oynayan ən gənc oyunçu və həmin mərhələdə ən gənc qol vuran futbolçu oldu. Yamal 16 yaş 362 günlük, Pele isə 1958-ci il Dünya Kubokunda 17 yaş 239 gün olarkən qol vurub.
İspaniya millisinin müdafiəçisi Xesus Navas Avropa çempionatının yarımfinal matçları tarixində ən yaşlı oyunçu oldu. O, 38 yaş 228 günlə Avro-2008-in finalında İspaniya ilə oynayan Almaniya yığmasının qapıçısı Yens Lehmanın rekordunu üç gün yenilədi.
Fransa millisinin hücumçusu Randal Kolo-Muani Fransa millisinin tarixində dünya çempionatının və avronun yarımfinalında qol vuran üçüncü futbolçu olub. Əvvəllər bunu yalnız Mişel Platini etmişdi. Platini 1982-ci il Dünya Çempionatı, 1984-cü il Avropa çempionatında və Zinəddin Zidan isə Avro-2000, DÇ 2006-da buna nail olmuşdular..
İspaniya millisi tarixində beşinci, 2012-ci ildən sonra isə ilk dəfə Avropa çempionatının finalına yüksəldi. Üçqat Avropa çempionu olan ispanlar turnirdə qalib gəlsələr, Almaniyanı geridə qoyub, Avropanın ən titullu komandası olacaqlar.
Avro-2024-ün ən yaşlı futbolçusu Xesus Navas ən gənc oyunçu və tərəfdaşı Laminin oyunundan heyranlıqla danışaraq deyib: "Onun fantastik zərbə ilə vurduğu cavab qolu İspaniyanı yenidən oyuna qaytardı. O, belə gənc yaşda müdafiədə çox çalışır, hücumda topla həmişə təhlükəlidir və mövqeyi ilə heyran qoyur. O, sağ cinahda məhsuldar işləyirdi”.
İspaniya milli komandasının jurnalisti Qrem Hanter millisinin qələbəsini belə qiymətləndirir: “Möcüzəli anlarla dolu turnirdə rəngarəng matç. Əminəm ki, neytral azarkeşlər bu görüşdə baş verənlərdən gözlərini çəkə bilmədilər. Lamin Yamalın istedadına demək olar ki, heç kim şübhə etmirdi, lakin onun Münhendəki oyununu izləmək sadəcə həzz verirdi”.
Fransa milli komandasının müxbiri Aleks Klementson millisinin oyununa haqlı olaraq bir qədər tənqidi yanaşıb: O yazır: “Deşamın komandası üçün işlər bundan yaxşı başlaya bilməzdi. Kolo-Muani erkən qol vurdu, lakin əvvəllər güclü olan müdafiə ispanların sürətli hücumunu cilovlaya bilmədi. Bu gecə İspaniya gecəsi idi”.
İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente təbii ki, komandasının oyunundan məmnundur və bunu gizlətmir: "Mən bu oyunçular qrupuna inanmağa davam etməliyəm. Onlar işgüzarlıq baxımından çox səxavətlidirlər. Bu, bir daha sübut edir ki, komandamız qələbəyə nə qədər acdır. Mən meydanda 26 istedada rəhbərlik etmək imkanına görə Tanrıya minnətdaram”.
Matçın oyunçusu, Avroda rekord yazan qolundan sonra hədsiz sevincini paylaşan Lamin Yamal deyir: “Finalda oynayacağımız üçün çox şadam, amma bu gün heç kim gözləmirdi ki, bu qədər tez qol buraxacağıq. Mən məhz ən yuxarı küncü hədəfə aldım və top ora uçandan sonra təsvirolunmaz sevinc dalğası bütün ruhumdan keçdi”.
Bu qələbədən sonra İspaniya millisi Avropa çempionluğuna daha da yaxınlaşdı. İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo deyib: "İndi biz həqiqətən yaxınıq. Bir addım uzaqda. İnanılmaz komandamız var, amma buna nail olmaq üçün çox çalışdıq. İndi biz finalda olmağa tam layiqik. Mənim üçün fərqi yoxdur. Kiminlə oynayırıq”.
Həqiqət ondan ibarətdir ki, İspaniyanın ən böyük cazibəsi onun iki gənc cinah oyunçusunun enerjisi və ehtirası olmaqda davam edir - Nico Uillyams yenə əla idi, lakin uzaq məsafədən vurduğu qol və əla ümumi performansı ilə fərqlənən Lamin Yamal mükəmməl idi. Bu gənc oyunçuların və onların komandasının turnirdə etdikləri əsl həqiqətdə qeyri-adi, xüsusi bir əlamətdir.
“Mundo Deportivo” nəşri də bəlkə bunu diqqətə alaraq İspaniya – Fransa matçının şərhinə maraqlı bir başlıq seçib: “Mbappe – Lamin Yamalın məqsədini daha yaxşı görmək üçün maskasız oynayırdı” . Məqalədə jurnalist Kristina Kubero Fransa millisinin kapitanı, “Real” Madridə yeni gəlmiş ulduzla “Barselona”lı gənc istedadın qarşıdurmasına diqqət çəkərək yazır:
“İlk hücumlarından birində Mbappe Kolo Muaniyə assistentlik edərək komandasını önə çıxartdı. Bu, özünəməxsus bir oyunçunu fövqəlgücünün yenidən qayıtdığına inandırdı. Bu böyük səhvdir. Superqəhrəman başqası idi: bu, Leo Messinin varisi adlandırılan, şənbə günü 17 yaşı tamam olsa da, hələ 16 yaşı olan, Mbappenin maskasıız aydın şəkildə gördüyü fantastik zərbəni vuran idi. “Real” Madridin fransızına o qolu bütün möhtəşəmliyi ilə görməyə heç nə mane olmadı. Beləliklə, Kilian anladı ki, Messinin varisi olmağa çağırılanlar arasında Olimpda o, tək deyil”.
“Corriere dello Sport” isə bunu daha ironiyalı şəkildə belə yazır: “Fransızlar “uşaq fenomeni”nə təslim oldular”. Məqalə müəllifi yazır: “Yamalın dühası və Dani Olmonun qolu sayəsində İspaniya Fransaya qalib gəldi və Avro-2024-ün finalına yüksəldi. De la Fuentenin komandasına Kolo-Muaninin qoluna cavab vermək və 2012-ci ildən bəri baş tutmayan finala keçidi təmin etmək üçün 4 dəqiqə kifayət etdi”.
Bəli, futbol belədir. Bəzi azarkeşlər çərşənbə axşamı gözəl futbol zəfəri görmək istəsələr də, digərləri ən uyğun olmayan anda məğlubiyyətin şahidinə çevrildiklərinə görə peşman oldular. İspaniya finala yüksəldi və indi sakitcə rəqibini gözləyə bilər. Bu, Jude Bellinghamın İngiltərəsi və ya Memfis Depayın Hollandiyası olacaq.
Berlində keçiriləcək bu finalda de la Fuentenin yetirmələri Hollandiya - İngiltərə matçının qalibi ilə oynayacaq. Əgər bu qarşılaşmada Saugeytin yetirmələri əsl ingilis futbolu oynasalar, çox yəqin əsl futbol tamaşası izləyəcəyik. Əks halda İngiltərə millisi də Fransanın aqibətini təkrarlayacaq və finala həsrət qalacaq.
İlqar RÜSTƏMOV
XQ