Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib

post-img

May ayının 20-də Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü ilə dünyada və ölkəmizdə ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqası haqqında məlumat verilib. Sonra komandalararası qarşılaşmaları müəyyən etmək məqsədilə püşkatma mərasimi keçirilib.

Bildirilib ki, mayın 21-də keçiriləcək açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar çövkən komandasının (“Ağstafa” “Dilbaz”, “Elit”, “Embawood”, “Köhlən”, “Çövkən Qarabağ”, “Omar”, “Polad”, “Sərhədçi”, “Şirvan” və “Zəfər”) mövsüm ərzində çempionluq uğrunda mübarizəsinə start veriləcək.  

Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiyanın göstəriləcəyi və püşkatmanın nəticələrinə uyğun olaraq komandalar arasında birinci turun ilk iki oyununun keçiriləcəyi qeyd olunub. 

Xüsusi olaraq media nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il keçiriləcək Prezident Kubokunun və yeni yaradılan Peşəkar Çövkən Liqasının (PÇL) qalibləri yeni ilin əvvəlində Superkubokda qarşılaşacaq və nəticəyə əsasən, Azərbaycan çempionu elan ediləcək.

Əlavə olaraq Bakıda Beynəlxalq Çövkən Federasiyasına üzv ölkələrin komandalarının iştirakı ilə keçiriləcək dünya çempionatının tarixi və qaydaları açıqlanıb.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb. 

İdman