“Rekordlar qıran yenilməz komanda ilə qarşılaşacağıq. Bu mövsüm ən üst səviyyədə çıxış edirlər. Fikrimcə, çətin oyun olacaq”.
Bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Funksioner püşkdə son ana qədər Çexiyanın "Slaviya" klubu ilə düşəcəklərinə ümid etdiyini bildirib: “Ancaq "Bayer" ilə üz-üzə gələcəyik. Çox güclü kollektivdir. Biz onları tanıyırıq və təcrübəmiz var. Yüksək səviyyədə oyun sərgiləməyə və Avropanı təəccübləndirməyə çalışacağıq. "Qarabağ"ın möhtəşəm qələbəsi bizi ruhlandırıb".
Qeyd edək ki, "Qarabağ" ilə "Bayer" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Leverkuzendə baş tutacaq.