Avroliqa: 2-ci və həlledici raund

post-img

Barlı-bəhrəli “Qarabağ” baharı evlərimizin astanasındadır

Son günlər adı dillərimizdən düşməyən uzaq Portuqaliyanın “Braqa Municipial” stadionundan başlayan və Azərbaycanı tarixdə ilk dəfə UEFA Avropa Liqası turnirinin səkkizdəbir finalına aparan yolun son hissəsindəyik. 

“Qarabağ”–“Braqa” rəqabətində 2-ci və həl­ledici raund döyüşü start ərəfəsindədir. Ölkə çempionumuz və indiki Premyer Liqamızın lideri birinci raunddan inamlı qələbə, hesabda bir qə­dər gözlənilməz, deməli, həm də gurultulu nəticə ilə ayrılsa da (4:2), hələ heç nə bitməyib. Ağdam komandasının tam qələbəsinə ürəkdən sevin­mək üçün bu gün axşam, təxminən saat 23:35-də hakimin final işarəsini gözləməliyik.

Oyundan-oyuna təcrübəsi, ustalığı, nüfuzu, futbolun yaraşığı olan azarkeşləri, onlarla da birlikdə iddiaları artan “Qarabağ” Avroliqanın pley-off mərhələsinin 1-ci raundunun qəhrəmanı kimi Avropanın diqqətini daha çox cəlb etməyə başlayıb. Qurban Qurbanovun komandasının Eysebio, Kriştianu Ronaldu, Luiş Fiqu kimi dahi futbolçuların vətənində göstərdiyi və ev sahib­lərini, sözün əsl mənasında, mat qoyan oyun Azərbaycan klubunun doğma sahillərdən uzaq­larda əzəmətli zəfər marşı idi.

Birdən-birə üç oyunçumuzun (bunun özü də bir tarixdir!) – qapıçı Andrey Lunyov, yarımmü­dafiəçilər Abdulla Zubir və Marko Yankoviçin Avroliqanın pley-off mərhələsinin birinci həftəsi­nin rəmzi komandası heyətinə daxil edilməsi də Avropa futbolunun ali dairələrində Azərbayca­nın ən yaxşı klubunun mükəmməl oyununun və möhtəşəm qələbəsinin yekdilliklə bəyənildiyini təsdiqləyir. Bu isə bir daha onu göstərir ki, gözəl oyun hamıda rəğbət hissi oyadır, heç kim ona biganə qalmır. “Qarabağ” da Braqada rəqibini məhz könülləri oxşayan, qəlbləri riqqətə gətirən tamaşa ilə fəth etdi. İndi qalır həmin mükəmməl oyunu Bakıda təkrar etmək. 

“Braqa” isə, təbii ki, tamamilə başqa əhvalda­dır, çox məyusdur, sərt tənqidlərə məruz qalıb, evdəki uğursuzluğun əvəzini səfərdə artıqlaması ilə çıxmaq istəyir. Ancaq məqsədə çatmağı ba­caracaqmı? 

Belə bir vəziyyətdə daha soyuqqanlı, daha təmkinli olmağın, son anadək yenilməz döyüş­çü keyfiyyətləri göstərməyin vacibliyini yaxşı bilən “Qarabağ” öz tarixinə növbəti parlaq sə­hifə yazmağa çox yaxındır. Komanda bir həftə əvvəlki oyununun təsadüfi olmadığını sübuta yetirmək üçün, şübhəsiz, qüvvə və bacarığını əsirgəməyəcək.

Azərbaycan futbolunda bu bahar tamam başqa bahardır. Bu bahar barlı-bəhrəli “Qara­bağ” baharı ola bilər. Onun artıq nəfəsi duyulur, evlərimizin astanasındadır. Elə hadisələri qa­baqlayıb, istəyirsən qapıları taybatay açaraq, “xoş gəlmisən”, deyəsən.

Amma “Tofiq Bəhramov”da oyunun başlama vaxtını (21:45 ) gözləyək. Görüşə bütün biletlə­rin satıldığını, tribunalarda boş yerlərin qalmaya­cağını da artıq bilirik. Məhz bu gün, 2024-ün 22 fevral axşamı “Qarabağ”a dəstəyimiz daha güclü olacaq. Səkkizdəbir finalın qapısını birgə səylə açmalıyıq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman