Dostluğu, qardaşlığı, müttəfiqliyi nümunə olan Azərbaycan-Türkiyə münasibətləri

post-img

Prezident İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini fevralın 18-də qardaş Türkiyəyə etməsi əlaqələrimizin bu günü və sabahı barədə aydın təsəvvür yaratdı. Belə ki, iki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri dünyanın diqqətindən kənarda qalmır. Hər iki ölkənin liderləri istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğuladılar. Qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni dövrdə mükəmməl şəkildə davam edən əməkdaşlığımızın həmişəkindən daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə etdi.

      İki qardaş ölkə arasındakı əlaqələr bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Nəzərə alsaq ki, Azərbaycan-Türkiyə münasibətlərində enerji amili xüsusi əhəmiyyət kəsb edir, bu mənada iki dost ölkənin sözügedən sahədə əməkdaşlığının xronologiyasına diqqət yetirmək bir zərurətə çevrilir. Regional çərçivədə başlayan enerji əməkdaşlığının bu gün coğrafiyasının daha da genişləndirilməsi əsas hədəflər sırasındadır. 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm hadisəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdi. Dövlətimizin başçısı 18 fevral tarixində reallaşdırdığı rəsmi səfər çərçivəsində qardaş ölkənin Prezidenti TANAP-ın imkanlarının artırılmasının, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılmasının prioritetlər sırasında olduğunu xüsusi qeyd etdi. 2023-cü ilin sentyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri çərçivəsində İğdır-Naxçıvan təbii qaz boru kəmərinin təməlinin qoyulması ilə enerji sahəsində əməkdaşlığımız yeni bir səviyyəyə çatdırıldı. Hər iki ölkənin tranzit imkanları xüsusi qeyd edilməlidir. Nəqliyyat sahəsində əməkdaşlığın mühüm göstəricilərindən biri kimi Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək lazımdır. Bu uğurlu nəticələr Azərbaycan və Türkiyənin eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilməsinin səbəbsiz olmadığını təsdiqləyir. Ona görə ki, həmin çinarın kölgəsi qardaş ölkələrin birgə həyata keçirdikləri layihələrlə Qafqazdan Avropayadək uzanır. 

Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Qürur hissi ilə qeyd edək ki, bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasına imkanlar yaradan mühüm məqamlarla zəngin olur. Bu mənada ölkə başçımız İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərini qardaş ölkəyə reallaşdırması sarsılmaz birliyimizə, həmrəyliyimizə yeni əlavələr edəcək. Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səyləri dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj kimi dəyərləndirilməlidir: “Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik”.                                      

Fərid Mustafayev 

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Siyasət