"Kəpəz"dən balaca azarkeşə ad günü sürprizi

post-img

13 yaşı tamam olan ərəfədə Hüseyn Hüseynli sosial şəbəkə vasitəsi ilə kluba müraciət ünvanlayıb. O, “Kəpəz”ə uğurlar arzulamaqla yanaşı qarşıdakı ad gününü onlarla birlikdə keçirmək istədiyində olduğunu bildirib.

…Qapını açanda donub qaldı. Ad günündə Tural Rzayev, Əli Səmədov, Junior Martins və Olavale Onanuqa onlara gəlmişdi. Sevincindən göz yaşlarını saxlaya bilmirdi.  Özünü itirən Hüseynə valideynləri dəstək olub qonaqları içəri dəvət etdilər. 

Tortunu sevdiyi futbolçularla kəsən gənc azarkeş onlarla xatirə şəkilləri çəkdirdi, təbrikləri qəbul etdi. 

Hüseyn Hüseynli deyir ki, mənim üçün  xoş bir sürpriz oldu. Gözləməzdim ki, lap kiçik yaşlarımdan  oyunlarına getdiyim, stadiondan dəstək olduğum komandanın ən məşhur oyunçuları  ad günümü mənimlə birgə keçirəcəklər, məni evimizdə təbrik edəcəklər. Heç bilmirəm onlara necə təşəkkür edəm.  

Əli Səmədov:- Bizim üçün də xoş oldu. Özü balaca olsa da "Kəpəz"in böyük azarkeşlərindəndir. Qapıdan içəri daxil olan kimi bunu  hiss etdik, gözlərində gördük. Can sağlığı, uzun ömür arzulayırıq. 

Olavale Onanuqa:- Əslində doğum günlərini sevirəm. Belə bir gündə sevinci həmin adamla paylaşmaqdan gözəl nə ola bilər?! Hüseynin dediyinə görə lap balaca vaxtlarından "sarı-göylər"ə azarkeşlik etməyə başlayıb. Atası onu 5-6 yaşlarından stadiona oyunları izləməyə aparıb. Bu, bizi sevindirir. 

Qeyd edək ki, xoş sürpriz təkcə Hüseyn üçün deyil, xəbəri eşidən hər bir “Kəpəz” azarkeşi üçün də gözlənilməz  olub. Əslində komandanı dəstəkləmək üçün belə tədbirlər, təşəbbüslər nə qədər çox olsa, bir o qədər faydalıdır.

Hamlet Qasımov

XQ-nin bölgə müxbiri, Gəncə.

 











İdman