“İmarət”dəki son qolun müəllifi: İllər sonra Xankəndiyə ayaq basmaq böyük xoşbəxtlikdir

post-img

“Hisslərimi sözlə ifadə edə bilmirəm”.

Bu sözləri  Azərbaycan millisinin sabiq futbolçusu Yaşar Hüseynov ölkə kubokunun 1/8 final mərhələsində bu gün Xankəndidə “Qarabağ” və MOİK komandaları arasında keçiriləcək tarixi oyunla bağlı danışarkən deyib.

30 illik fasilədən sonra işğaldan azad edilən torpaqlarda baş tutacaq ilk futbol matçını izləmək üçün Xankəndiyə yollanan veteran hücumçu yenidən tarixi torpaqlara ayaq basdığı üçün xoşbəxt olduğunu bildirib: “Çox sevindirici haldır. Ağdama səfər etsəm də, Xankəndiyə sonuncu dəfə 1987-ci ildə “Qarabağ” - “Avtomobilçi” oyununu izləmək üçün getmişdim. İllər sonra ora qayıtmaq və keçmişi yada salmaq xoşbəxtlikdir”.

Y.Hüseynov Ağdamdakı “İmarət” stadionunda vurulmuş sonuncu qolun müəllifidir. O, 1993-cü il mayın 12-də “Qarabağ”ın heyətində Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la matçında fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb. Həmin görüşü xatırlayan keçmiş futbolçu əlavə edib: “O vaxt müharibə şəraiti olduğu üçün oynamaq çətin idi. Amma biz 1:0 hesabı ilə qalib gəlmişdik və yeganə qolu da mən vurmuşdum. O görüş hər zaman yaddaşlarda xoş xatirə kimi qalacaq”.

Son olaraq, “Qarabağ” – MOİK matçı haqqında da danışan Y.Hüseynov Ağdam klubunun rahat qələbə qazanacağına inandığını söyləyib: “Qurban Qurbanovun bu gün əsasən az oynayan futbolçulara şans verəcəyini gözləyirəm. MOİK aşağı liqa təmsilçisi olduğu üçün səviyyə fərqi öz sözünü deyəcək. Düşünürəm ki, “köhlən atlar” 3:0 hesabı ilə qalib gələcəklər”.

Qeyd edək ki, “Qarabağ” – MOİK oyunu saat 14:00-da Xankəndi şəhər stadionunda keçiriləcək.



İdman