2023-2024-cü illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən keçirilən AFFA Region Liqasının Şimal-Qərb zonası üzrə Ağstafa rayonunu təmsil edən “Ağstafa Gəncləri” futbol klubu ilk turda Yevlax rayonunun “Qarxun” komandasını qəbul edib.
Yeniyetmə və gənclər arasında futbolun təbliği və inkişafı baxımından önəmli idman tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, digər məsul şəxslər, “Ağstafa Gəncləri”ndə çıxış etmiş iki şəhidimizin atası - Fərman Əhmədov və Raqif Məmmədov, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ağstafa şəhər stadionunda keçirilən oyundan əvvəl “Ağstafa Gəncləri” futbol komandasının şərəfini qorumuş, 44 günlük Vətən müharibəsi şəhidləri Mahmud Əhmədov və Turan Məmmədlinin, həmçinin bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Meydanın mərkəzindən topa ilk toxunuşu da hər iki şəhidimizin atası edib.
Olduqca gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən 90 dəqiqəlik futbol qarşılaşmasında hər qapıya iki qol vurulub və komandalar ilk turda aktivlərinə bir xal əlavə ediblər.
“Ağstafa Gəncləri” futbol komandasının baş məşqçisi Şahin Kərimov böyük futbolun Ağstafaya qayıtmasına və onlara göstərilən diqqət və qayğıya, həmçinin yaradılan münbit şəraitə görə bütün futbolçular adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, deyib:
- Qarşımıza çempion olmaq kimi bir hədəf qoymamışıq və bizə nəticənin önəmi də yoxdur. Məqsədimiz Ağstafada futbolu inkişaf etdirib kütləviliyə nail olmaqdır.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri