Qəbələdə şahmat superturnirinin açılışı

post-img

Nicat Abasov liderliyə yüksəlib

Dünən sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə “Vüqar Həşimov Memorial-2023” superturnirinin açılış mərasimi təşkil edilib. 

Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən tədbirdə rəsmi qonaqlar, mərhum qrossmeysterin yaxınları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə ötənilki turnirin ən yaddaqalan anlarını özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev turnirin ilk dəfə Qəbələdə təşkil olunmasından məmnunluğunu bildirib, təşkilatçılara təşəkkür edib. Belə bir nüfuzlu yarışa evsahibliyi etdikləri üçün qürur duyduqlarını deyən icra başçısı onu da qeyd edib ki, Qəbələdə belə bir yarışın keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov yarışın Qəbələdə keçirilməsini sevindirici hadisə adlandırıb. O qeyd edib ki, Vüqar Həşimovun Azərbaycan şahmatında, qazanılan uğurlarda böyük rolu var. “Vüqar Həşimov Memorialı”nın dünya şahmat təqvimində xüsusi yerə malik olduğunu söyləyən qurum rəsmisi Azərbaycan şahmatının uğurlarının V.Həşimovun adı ilə bağlı olduğunu deyib. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu xatırladan Mahir Məmmədov ölkəmizdə bu il beynəlxalq miqyaslı nüfuzlu idman yarışlarının təşkil edildiyini, onlardan birinin də Bakıdakı şahmat üzrə Dünya kuboku olduğunu bildirib. Yarışın həmişəki kimi yüksək səviyyədə təşkili üçün əllərindən gələni edəcəklərini deyən federasiya rəhbəri sonda iştirakçılara uğurlar arzulayıb.

Yarışın Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov yarışda iştirak üçün dəvəti qəbul edən şahmatçılara minnətdarlıq edib.

Qasım Həşimov turnirin ənənəvi olaraq hər il yüksək səviyyədə keçirilməsinə görə, Prezident İlham Əliyevə, həmçinin bütün aidiyyəti qurumların əməkdaşlarına təşəkkürünü bildirib. İştirakçılara uğurlar arzulayan Q.Həşimov turniri açıq elan edib.

Beləliklə, açılış turunda superturnirin baş hakimi, beynəlxalq qrosmeyster İlahə Qədimova yarışın qaydaları ilə bağlı məlumat verdikdən sonra püşk atılıb.

İlk turda təmsilçimiz Rauf Məmmədov Aydın Süleymanlıya qalib gəlib. Boris Gelfand Arjun Eriqaisilə, Şəhriyar Məmmədyarov Rixard Rapportla, Nicat Abasov Yorden Van Forestlə, Vidit Santoş isə Teymur Rəcəbovla bərabərliyə razılaşıb. İkinci turda Nicat Abasov rumın Rixard Rapporta, Şəhriyar Məmmədyarov isə Boris Gelfanda qalib gəlib. Arjun Eriqaisi-Rauf Məmmədov, Teymur Rəcəbov-Aydın Süleymanlı, Yorden Van Forest-Vidit Santoş heç-heçə oynayıb. Üçüncü turda Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb.

Nicat Abasov Boris Gelfanda, Vidit Santoş Rixard Rapporta, Aydın Süleymanlı Yorden Van Forestə qalib gəlib. Şəhriyar Məmmədyarov Arjun Eriqaisəyə uduzub. Beləliklə, 3 turdan sonra 5 xalı olan Nicat Abasov yarış cədvəlində liderliyə yüksəlib.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə keçirilən yarışın ilk 3 günündə şahmatçılar rapid, son gündə – dekabrın 11-də isə blits üzrə mübarizə aparacaqlar.

 

Leyla QURBANOVA 
XQ



İdman