Lerik: 80 min əhali – 4 bankomat

post-img

Ölkədə dövlət başçısı tərəfindən  xalqın rahatlığı üçün bütün mütərəqqi üsullardan istifadə  olunur. Respublikamızın bütün guşələrində müştərilərin bank xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitə olan bankomatların quraşdırılması da məhz bu məqsəddən  irəli gəlir. Hər bir Azərbaycan vətəndaşı bank-maaş, eləcə bank-kredit kartı ilə istədiyi vaxt pullarını çox asan şəkildə bankomatdan çıxara bilir. 

Təəssüf ki, bu rahatlıqdan Lerik rayonunun Hamarat kəndində yaşayan yaşlı  adamlar istifadə edə bilmirlər.  Belə ki, kənddə, həm də qocaların gedə biləcəyi yaxın ərazilərdə heç bir bankomat yoxdur. Doğrudur, Hamarata  20  kilometr məsafədə yerləşən Piran kəndində bankomat quraşdırılıb. Lakin kəndə ictimai nəqliyyat işləmir və buranın  yaşlı sakinləri Pirana getməkdə  çətinlik çəkirlər.  Əlavə xərc çəkib getdikdə  isə ya bankomatın qarşısında sıxlıq yaşanır, ya da ki, cihaz işlək vəziyyətdə olmur.  Odur ki, pensiyalarını vaxtında götürə bilmirlər.   

Vəziyyəti nəzərə alıb yaşlı insanları üzləşdikləri çətinlikdən qurtarmaq bilavasitə səlahiyyətli şəxslərin vəzifə borcudur. Lakin  Hamarat kəndinə yaxın, bir neçə yaşayış məntəqəsini birləşdirən ərazidə bankomatın quraşdırılması rayonda hələ ki, kimsəni düşündürmür.    

Onu da bildirim ki, Lerikdə 161 kənd və  bir şəhər olmaqla, rayonda 80 min əhali yaşayır. Hazırda rayonun ərazisində   “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə məxsus 4 ədəd bankomat müştərilərə xidmət göstərir. Bu da heç müsbət rəqəm deyildir.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Lerik  

 

Sosial həyat