Sərbəst güləşçilərimiz komanda hesabında birinci olublar
Bakıda “Sərhədçi” İdman Mərkəzində təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında Azərbaycan komandasının uğurlu çıxışı davam edir. Dünya güləşinin inkişafına böyük töhfələr verən Azərbaycan məktəbinin nümayəndələrinin qazandığı qələbələr bir-birini əvəz etdikcə artan gücümüz, qüvvətimiz qəlbləri riqqətə gətirir.
Ağzınacan dolu olan zalda azarkeşlərin pəhləvanlarımıza verdikləri güclü dəstək xalqımızda qələbə ruhunun nə qədər yüksək olduğunu bir daha göstərir. Bu nüfuzlu yarışda sərbəst güləşçilərimiz tarix yazmağı bacarıblar. Pələvanlarımız ümumilikdə, 5 qızıl, 1 gümüş, 1 bürünc medalla komanda hesabında birinci yeri tutublar.
Ən titullu güləşçilərimizdən biri, dəfələrlə dünya və Avropa çempionu Hacı Əliyev ilk dəfə qatıldığı hərbçilər arasında dünya çempionatının qalibi olub. O, müsahibəsində bu medalın onun üçün çox dəyərli olduğunu qeyd edib. Bütün qələbələrin onun üçün böyük önəm daşıdığını deyən güləşçinin əldə etdiyi yüksək nəticə onun yaxşı formada olduğunu göstərir. XXXI Yay Olimpiya Oyunlarında bürünc, Tokio Olimpiadasında isə gümüş medala sahib olan güləşçimiz Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq iddiasındadır.
Mundialın daha bir qalibi Əli Rəhimzadə (65 kq) ölkəmizdə belə mötəbər yarışın keçirilməsinin qürurverici olduğunu bildirib. Güləşçi belə bir nüfuzlu yarışda qalib olduğu üçün çox sevindiyini vurğulayıb:
–Xalçaya qızıl medal üçün çıxmışdım. Məqsədim doğma divarlar arasında ən yüksək mükafatı qazanmaq idi. Dövlət Himnimizin sədaları altında Azərbaycan bayrağını zirvədə görmək şərəfli hissdir. Qələbəmi torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizə həsr edirəm.
Eləcə də, digər sərbəst güləşçilərimiz Turan Bayramov (74 kq), İbrahim Yusubov (92 kq), Orxan Abbasovun (79 kq) qızıl, Ceyhun Allahverdiyevin (61 kq) gümüş, Fərid Cabbarovun (86 kq) bürünc mükafatları komandamızın güclü potensialını göstərir.
Qadın güləşçilərimizin dünya çempionatında nailiyyətlərini də xüsusi vurğulamaq olar. 17 yaşlı Ruzanna Məmmədovanın (59 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşması çox böyük nəticədir. 2022-ci ildə yeniyetmələr arasında dünya və Avropa çempionatlarının qızıl medalını almış istedadlı güləşçimiz daha böyük qələbələr qazanmağa qadir olduğunu göstərib. Gənc qızlar arasında daha bir istedadlı güləşçimiz, builki Avropa çempionatının bürünc mükafatçısı Jalə Əliyeva (57 kq) da dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsində yer almaqla, ona bəslənilən ümidləri doğruldub. Onun komanda yoldaşları Elnurə Məmmədovanın (50 kq) gümüş, Gültəkin Şirinova (53 kq), Nərgiz Səmədovanın (55 kq) bürünc mükafatları da diqqətəlayiq uğurlardır. Bununla da, qadın millimiz 2 qızıl, 1 gümüş, 2 bürünc medalla çempionatı komanda hesabında ikinci yerdə başa vurub.
Dünən çempionatın 3-cü günündə yunan-Roma güləşçilərimiz də mübarizəyə uğurla start veriblər. Belə ki, xalça üzərinə çıxan güləşçilərimizin 5-i də mükafat qazanmağa nail olublar. Təmsilçilərimizdən Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl medala layiq görülüblər. Fərid Sadıxlı (55 kq), Azad Əliyev (82 kq) isə bürünc medal alıblar.
Bununla da, komandamızın əldə etdiyi medalların sayı, ümumilikdə 18-ə çatıb.
Qeyd edək ki, mindialda 18 ölkədən 200-dən çox güləşçi mübarizə aparır. Yarış dekabrın 3-dək davam edəcək.
Leyla QURBANOVA
XQ

