Milli Gimnastika Arenasının köməkçi zalı kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə isə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin qaliblərini müəyyən etmək üçün əsl mübarizə meydanına çevrilib.
“Ocaq Sport Klubu”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, “Zirə Mədəniyyət Mərkəzi”, Balakəni təmsil edən 60 idmançı 2 gün ərzində bacarıqlarını nümayiş etdirəcəklər.
Qadın idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Olqa Barkalava jurnalistlərə müsahibəsində bildirdi ki, yarışların nəticələrinə əsasən, gələn il üçün milli komandanın, eləcə də 2024-cü ildə Avropa çempionatında iştirak edəcək komandanın tərkibi müəyyən ediləcək. Baş məşqçi Paris Yay Olimpiya Oyunlarına hazırlıq barədə də danışdı:
– Gimnastlarımızı gələn il bir çox yarışlar gözləyir. Əsas hədəf Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Gimnastlarımız dünya kuboku yarışında iştirak edəcəklər. Eyni zamanda, Avropa çempionatına hazırlaşırıq. Orada həm yeniyetmələr, həm də böyüklər iştirak edəcək. Biz bütün yarışlarda iştirak edəcəyik. Qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Nazənin Teymurovanın həm kubok mərhələləri, həm də Avropa çempionatında Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün real şansı var.
Kişi idman gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Ruslan İrqaşev Azərbaycan çempionatı və müxtəlif yaş qrupları üzrə keçirilən birincilikdə gimnastların öz bacarıqlarından maksimum istifadə etməsi üçün hər bir şəraitin yaradıldığını vurğuladı. O qeyd etdi ki, qazanılan nəticələrə əsasən, beynəlxalq yarışlarda iştirak edəcək gimnastlar müəyyən ediləcək.
– Gimnastlarımız arasında çox istedadlı idmançılar var. Yarışlarda onların çıxışı göstərir ki, öz üzərlərində çalışırlar. Gələn il gimnastlarımız dünya kuboku yarışında çıxış edəcəklər. Həmin turnirdə Nikita Simonovdan Olimpiadaya lisenziya gözləyirik. Eyni zamanda, İvan Tixonov, Rəsul Əhmədov da yaxşı nəticələr göstərməyə qadirdirlər. Gələn il, həmçinin Avropa çempionatı keçiriləcək ki, bu yarış da mühüm əhəmiyyət daşıyır. Onu da qeyd edim ki, gənc gimnastımız Rəsul Əhmədov da gələn ildən böyüklər arasında çıxış edəcək.
Millinin üzvü Rəsul Əhmədov yarışa yaxşı hazırlaşdığını, potensialından maksimum istifadə edəcəyini bildirdi. 2024-cü ilin aprelində Avropa çempionatında 6 alət üzrə gücünü sınayacağını bildirən gimnast yaxşı formada olduğunu dedi:
– Çempionatda həm fərdi yarışlarda, həm də çoxnövçülükdə qüvvəmi sınayacağam. Yaxşı nəticə göstərəcəyimə inanıram. Həmçinin gələn il idman gimnastikası üzrə dünya kubokları keçiriləcək, orada iştirak edəcəyəm.
Yarış iştirakçılarından Nikita Simonov da Azərbaycan çempionatında mükafatçılar sırasında yer almaq üçün hərtərəfli hazırlığa malik olduğunu dedi. Bu il Bakıda keçirilən dünya kubokunda halqalarla yarışlarda qızıl medal qazanan gimnastımız yaxşı formada qalmaq üçün fasiləsiz məşqlər etdiyini bildirdi:
– Əsas hədəf Paris Yay Olimpiya Oyunlarına lisenziya əldə etməkdir. İstirahət etməyə vaxt yoxdur. Ciddi səylərlə hazırlığımızı davam etdiririk. Bu il dünya çempionatında Olimpiadaya lisenziya qazana bilərdim. Qələbəyə yaxın olsam da, təəssüf ki, alınmadı. Qarşıda bizi bir sıra yarışlar gözləyir. Çalışacağam ki, potensialımdan maksimum istifadə edərək əsas hədəfə çatım.
Qeyd edək ki, qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük proqramında, eləcə də kişilər və qadınlar arasında ayrı-ayrı alətlər üzrə (kişilər: sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik; qadınlar: dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) üzrə müəyyənləşəcəklər.
Leyla QURBANOVA
XQ


