“İrəvan” Yaponiyadan qızıl və bürünc medalla qayıtdı

post-img

 Noyabrin əvvəllərində Yaponiyanın Matsuyama şəhərində keçirilən Ashihara Karate idman növü üzrə Dünya çempionatında Göygöl rayonunun “İrəvan” İdman Klubunun idmançıları Musa Musazadə qızıl, Fərman Rəhimov isə bürünc medal qazanıb. 

        Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev hər iki idmançını, eləcə də “İrəvan” İdman Klubunun rəhbəri  Fəxri Cəfərovu və Göygöl Ashihara Karate İdman Klubunun rəhbəri Cavid Əsgərovu qəbul edib. RİH başçısı idmançıları dünya çempionatında əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən söhbət açıb. O, bu sahədə uğurlu nəticələrin əldə olunmasında idmançıların fiziki cəhətcə sağlam, psixoloji cəhətcə dayanıqlı olmalarının əhəmiyyətini, idmançının yarış mühitində formalaşdığını qeyd edib və Göygöl rayonunda idman mühitinin qorunub saxlanıldığını xüsusi vurğulayıb.

         İdmançılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

 

            Hamlet QASIMOV 

XQ-nin bölgə müxbiri, 

Göygöl rayonu





İdman