“Qızlara ağ yaraşır”

post-img

Bu milli layihə beynəlxalq dəyər qazanır

Ağ təmizlik, məsumluq, təravətin rəmzidir. “Qızlara ağ yaraşır”, – deyəndə isə hamımızın ağlına nədənsə yalnız bəyaz gəlinlik gəlir. Bu, bəlkə də ona görədir ki, ağ rəngin daha bir gizli mənası “başlanğıc”dır. Adət-ənənəyə görə, qızlar üçün bəyaz gəlinlik xoşbəxt bir başlanğıcdır. 

Azərbaycan Cüdo Federasiyasının “Azercell Telekom”la birgə “Qızlara ağ yaraşır” layihəsi çərçivəsində yayımlanan sosial çarxa baxanda isə gözümün önün­də adət-ənənələrin təsiri altında yetkinlik yaşına çatmayan qızlara belə anaların həvəslə geyindirmək istədiyi ağ gəlinlik və bu məsumların sonrakı iztirabları və qırılan taleləri gəldi. Nəzərə alsaq ki, fe­derasiyanın bu uğurlu layihəsi həm qlo­bal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna əsaslanıb, onun cəmiyyətimizə bu sahədə verdiyi töhfəni anlamış olarıq. Bu ilin iyun ayından həya­ta keçirilən layihə çərçivəsində hansı işlər görülüb?

Federasiyanın mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova “XQ”ya mü­sahibəsində layihə çərçivəsində artıq çox geniş işlərin görüldüyünü bildirdi. O, bunun həm də ictimaiyyət arasında layihəyə böyük maraq göstərilməsi ilə əlaqələndirdi: 

– “Layihə başlayanda federasiyaya şəhər, rayon və kəndlərimizdən yüzlərcə zəng gəlirdi. Valideynlər böyük həvəslə qızlarını cüdoya yazdırmaq istəyirdilər. Düzü, özümüz də regionlarda, hətta ucqar kəndlərimizdə qızlarımızın bu qə­dər böyük həvəslə cüdoya yazılmaq istə­yinin olduğunu bilmirdik. Ötən aylar ərzin­də cüdo ilə məşğul olmaq istəyən qızlarla genişmiqyaslı iş aparılıb. Federasiya cüdo məktəbləri və bölmələri olan böl­gələrimizdə yeni kampaniyaya start verib. 7-14 yaşlı qızların cüdoya yazılması, qey­diyyatdan keçən ilk 1000 qız tələbəmizə isə cüdoqi dəstlərinin paylanılması və 1 ay pulsuz məşqlər nəzərdə tutulub. Fe­derasiyanın əsas tələbi budur ki, cüdo ilə məşğul olan qızların sayını artıraq. Çünki bu idman növü ilə məşğul olanlar arasın­da kəskin fərq olurdu. İndi isə uşaqlar ara­sında bu fərq xeyli azalıb. 

Ülkər Abbasova qızlarımızın erkən yaşda ərə verilməsinin, uşaq yaşda ana olmağın ağır fəsadlarının cəmiyyə­timizdə mənfi hal olduğunu qeyd etdi: 

– “Bu sosial layihə vasitəsilə qızlar arasında, həm də maarifləndirməni həya­ta keçiririk. Layihənin məqsədi, həmçinin qızlarımızın fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, gələcəyə əmin addım­larla irəliləməsinə nail olmaqdır.

Xatırladaq ki, gender problemi təkcə Azərbaycanda yox, bütün dünyada ciddi məsələlərdən biridir və ona qarşı sərt təd­birlər görülür. Dünyanın ən nüfuzlu idman yarışı olan Olimpiya Oyunlarında gender bərabərliyi qəti şəkildə qoyulub. Bey­nəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax gender bərabərliyinin hər bir təşkilat üçün mühüm əhəmiyyətli məsələ olduğunu bildirib. O qeyd edib ki, yaşadı­ğımız cəmiyyətin yarısını məhz qadınlar təşkil edir. Diqqət etsək, Olimpiya Oyun­larında, dünya, Avropa çempionatları və digər yarışlarda Azərbaycan “Qızlara ağ yaraşır” layihəsi artıq təkcə Azərbaycan­da yox, beynəlxalq miqyasda da böyük marağa səbəb olub. Qısa müddət ərzində görülən işlər, bu istiqamətdə həyata keçi­rilən tədbirlər nəticəsində layihə bu günlər Mərkəzi Asiyanın ən böyük kommunikasi­ya festivalında – “Red Jolbors”da Qran-pri mükafatına layiq görülüb. Qran-pri ilə ya­naşı, layihə, 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat da qazanıb. 

Bundan əvvəl isə layihə beynəlxalq “Ad Black Sea” festivalının Qran-pri mü­kafatına, həmçinin 13 kateqoriya üzrə 6 mükafata layiq görülüb. 

Leyla QURBANOVA
XQ



İdman