Azərbaycanın uşaq, yeniyetmə və böyüklərdən ibarət karateçiləri Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan 13-cü dünya çempionatında uğurla çıxış ediblər.
Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, İtaliya, İspaniya olmaqla 34 ölkədən 3 min 500-dən çox idmançı qüvvəsini sınayıb.
Yarışda Azərbaycan yığması və FHN-in karate üzrə komandasının 4 üzvü - Nicat Kərimli (75 kq), Yavərbəy Abdullayev (+84 kq), Səbinə Fərzəli (59 kq) və İlqar Ələkbərov (84 kq) yüksək nəticələr əldə ediblər. N.Kərimli, Y.Abdullayev və S.Fərzəli kumite yarışlarında 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəliblər və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlqar Ələkbərov isə kişilər arasında komanda kumite yarışlarında qızıl, şəxsi kata yarışlarında bürünc medala sahib olub.
Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəlinin şəxsi məşqçiləri 6-cı dan qara kəmər sahibi Akif Kərimov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevdir.
Füzuli Musayev çempionatda uğur qazanmış idmançılarla görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib.
Qeyd edək ki, Nicat Kərimli bu ay Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Kiprin Larnaka şəhərində keçiriləcək “Karate1 Series A” turnirində çıxış edəcək.
Leyla SABİRQIZI
XQ