Futbol üzrə Braziliya milllisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar karyerası ərzində qarşılaşdığı ən ağır məğlubiyyəti etiraf edib.
“XQ” xəbər verir ki, bu barədə Parisin “L Equipe” nəşrinə danışan ulduz futbolçu ötən il Qətərdə keçirilmiş dünya çempionatında komandasının Xorvatiya millisinə uduzmasını karyerasının ən ağır məğlubiyyəti adlandırıb.
“Barselona” və PSJ klublarının sabiq futbolçusu deyib: “Təəssüf ki, dünya çempionluğu növbəti dəfə təxirə salındı. Bundan acı itki yox idi. Artıq gördüyümüz yaxşı işləri xatırlamalıyıq. Bizim milli komandada çıxış edən yeni gənc futbolçularımız var, bizə çoxlu gənclər gəlirlər və artırlar. 2026-cı ildə keçiriləcək növbəti mundiala 3 il qalıb. İllər çox tez keçir və biz hazırlığa indidən başlamalıyıq. Biz indi yenilənmə mərhələsinə başlayırıq. Bu proses bir gecədə baş vermir. Ancaq hədəflərimizə çatmaq üçün var gücümüzlə çalışacağıq”.
Xatırladaq ki, futbol üzrə “Qətər-2022”-də Braziliya yığması penaltilər seriyasında Xorvatiyaya uduzub.
Onu da qeyd edək ki, Braziliya 2026-cı il dünya çempionatının seçmə mərhələsinin ilk turu çərçivəsində bu gün Boliviya ilə qarşılaşacaq.
Elçin ABBASOV,
XQ