Poloçularımız Avropa çempionatının yarımfinalında

post-img

Almaniyanın Düseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

Atçılıq Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Elçin Camallı, Tərlan Qurbanəliyev, Xoakin Kopello və Andres Ernesto Lorentonun təmsil olunduqları millimiz bu dəfə son qitə çempionu İtaliyaya 6-1 hesabı ilə qalib gəlib.

Çempionatın ən yaxşı oyunçusu hesab olunan yığmamızın kapitanı Elçin Camallı bu dəfə 4 qolu öz aktivinə yazdırıb. Beləliklə, yüksək nəticələr əldə edən millimiz bombardirlər siyahısında da yer alıb.

Xatırlatmaq lazımdır ki, 2018-ci ildə İtaliyanın Siena şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycan millisi keçirdiyi bütün oyunlarda böyük hesabla qələbə qazanmasına baxmayaraq, finalda ev sahiblərinə 4:8 hesabı ilə məğlub olaraq qızıl medaldan məhrum olmuşdu. Həmin çempionatı ikinci sırada bitirən yığmamız üçün budəfəki qarşılaşma revanş almaq üçün gözəl imkan idi və idmançılarımız bu fürsətdən məharətlə istifadə ediblər.

Beləliklə, ilk görüşdə İspaniyaya qalib gəlmiş milli komanda qrup mərhələsinin son turunda İsveçrə ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda birinci yeri təmin edib və yarımfinalda oynamaq hüququ qazanıb.

Sentyabrın 6-da oynanılacaq Azərbaycan - İsveçrə matçı saat 10:30-da başlayacaq.

Leyla SABİRQIZI 
XQ

İdman