"Qarabağ" - "Olimpiya" matçı sülhlə başa çatdı

post-img

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində Ağdamın "Qarabağ" klubu Bakıda Soveniyanın Lyublyana şəhərinin "Olimpiya" komandasını qəbul etdi. Tofiq Bəhramova adına Respublika Stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürdü.

FİFA referisi Alexandro Hernandesin idarə etdiyi matçın ilk dəqiqələrində oyunda qonaqların fəallığı müşahidə olunsa da, birinci hissənin 15-ci dəqiqəsindən sonra artıq "Qarabağ" öz kəsərli hücumları ilə rəqibi sıxışdırmağa başlamışdı. Məhz bu pressinq ilk hissənin 20-ci dəqiqələrində öz bəhrəsini verdi. Belə ki, "köhlən atlar"ın hücumunun qarşısını kobudluqla almağa çalışan "Olimpiya" komandası 11 metrlik cərimə zərbəsi (penalti) ilə cəzalandırıldı. 24-cü dəqiqədə bu fürsətdən yararlanmağı bacaran "Qarabağ" Toral Bayramovun qolu ilə 1:0 hesabda önə çıxmağı bacardı.

Bundan sonra da oyunda temp demək olar ki, yüksək səviyyədə davam etdi. Hətta birinci hissənin 30-cu dəqiqələrində qonaqlar cərimə meydançası yaxınlğında zərbə qazandılar. Lakin qonaqların vurduğu qeyri-dəqiq cərimə zərbəsi qapı dirəyinin üzərindən keçərək meydandan kənara düşdü. Buna baxmayaraq "Olimpiya" futbolçuları 36-cı dəqiqədə hesaba tarazlıq gətirməyi bacardılar. Qonaqların heyətində Dieqo Pinto fərqləndi-1:1. Bundan sonra ilk hissədə hesab dəyişmədi. Komandalar fasiləyə bu hesabla yollandılar.

İkinci hissəyə də qonaqlar fəal  başladılar. Artıq 47-ci dəqiqədə "Olimpiya" futbolçuları "Qarabağ"ın qapısı qarşında təhlükəli vəziyyət yaratsalar da, "köhlən atlar"ın təşkil etdiyi güclü müdafiə sayəsində bu hücum heç bir nəticə vermədi. Matçın 50-ci dəqiqəsində isə Ağdam təmsilçisi təhlükəli hücum təşkil etsə də, rəqib komanda güclü müdafiə olundu. Sonrakı dəqiqələrdə də qarşılıqlı hücumlar təçkil edildi, lakin nəticə dəyişmədi. "Qarabağ"-"Olimpiya" matçı 1:1 hesablı heç-heçə ilə başa çatdı.

Qeyd edək ki, bu heç-heçədən sonra Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsinə adladı.

Elçin ABBASOV,

Elşən AĞALAR ( foto)
"Xalq qəzeti"



















İdman