“Araz-Naxçıvan”-“Sumqayıt” qarşılaşmasına doğru

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tur start götürəcək. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, azarkeşlər ilk oyun günündə bir qarşılaşmanın şahidi olacaqlar.

Belə ki, turun açılış oyununda “Sumqayıt” klubu səfərdə “Araz-Naxçıvan” komandasının qonağı olacaq. “Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı referi Kamal Umudlu idarə edəcək. 

Qeyd edək ki, turun digər iki oyunu avqustun 26-da keçiriləcək. Həmin gün “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul edəcək. Tural Qurbanovun baş hakim olduğu  matç saat 17:00-da Tovuz şəhər stadionunda oynanılacaq. Günün digər matçı isə saat 19:30-da başlayacaq. Həmin qarşılaşma “Zirə” klubu komandası ilə “Sabah” arasında baş tutacaq. Zirə idman kompleksinin stadionunda baş tutacaq görüşü hakim Elçin Məsiyev idarə edəcək.

Avqustun 27-də isə “Neftçi”-“Qəbələ” klubları üz-üzə gələcəklər. “Neftçi Arena”da keçiriləcək matç saat 18:30-da start götürəcək. Oyunu hakim Rəşad Əhmədov idarə edəcək. Həmin gün turun son qarşılaşmasında “Qarabağ” klubu “Azersun Arena”da “Kəpəz”i qəbul edəcək. Saat 20:45-də başlayacaq oyunda ədaləti referi Əli Əliyev qoruyacaq.

PS: Onu da əlavə edək ki, bu günkü qarşılaşmanın maraqlı cəhətləri ondan ibarətdir ki, “Sumqayıt” klubu mövsümə uğurla start verib və ardıcıl iki görüşdə məğlub olmayıb. Maraqlıdır ki, Premyer Liqaya iddialı qoşulan “Araz-Naxçıvan” məğlubedilməz “Sumqayıt”dan xal ala biləcəkmi? 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman