“Qarabağ”, Sloveniya, “Mixaylo”…

post-img

Azərbaycan çempionu beş il əvvəlki kimi, yenə Sloveniyanın Lyublyana şəhərində yerli “Olimpiya” klubunun qonağıdır. Bu dəfə UEFA Avropa Liqası turnirinin pley-off mərhələsinin ilk görüşündə.

Ağdam komandasının bu rəqiblə iki raunddan ibarət döyüşünün (cavab oyu­nu avqustun 31-də Bakıda olacaq) necə nəticələnəcəyindən və Avroliqanın qrup yarışlarına kimin vəsiqə qazanacağından asılı olmayaraq, təmsilçimiz öz tarixində onuncu dəfə avrokubokların qrup mər­hələsində oynayacaq. Azərbaycan çem­pionu hələ avqustun 17-də Helsinkidə HİK üzərində qələbədən sonra Konfrans Liqasının qrup turnirinə vəsiqəni özünə təmin etmişdir. Ancaq kim bilmir ki, Av­ropa Liqası Konfrans Liqasından üstün­dür. Ona görə də “Qarabağ” Azərbaycan xalqının mərd oğlu, 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub, 1944-cü ildə Sloveniyanın Vitovle kəndində faşist işğalçılarına qarşı mübarizədə qəhrə­mancasına həlak olmuş “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin dəfn olunduğu ölkəyə yüksək iddialarla, yəni, beş il əv­vəlki qələbəni təkrar etmək əzmi ilə yola düşmüşdür.

Ölümündən sonra, 1957-ci il aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyəti­nin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Mehdi Hənifə oğlu Hüseynzadə Sloveniyada da daim hör­mətlə yad edilir. Böyük Vətən müharibə­si dövründə, 1943-cü ildə Yuqoslaviya və İtaliya partizanlarına qoşulub Adria­tik dənizi sahillərində qəhrəmancasına döyüşərək, göstərdiyi igidliyə görə Slo­veniya sakinlərinin də böyük hörmətini qazanmış azərbaycanlı qəhrəmana bu ölkədə yüksək ehtiram heç vaxt unudul­mur. Bu ilin may ayında Nova Qoritsa şəhərində Mehdi Hüseynzadənin ana­dan olmasının 105-ci ildönümü münasi­bətilə keçirilmiş tədbirdə Azərbaycan və Sloveniya parlamentləri dostluq qrupu üzvlərinin, ictimaiyyət nümayəndələrinin qəhrəmanın xatirəsini anmaları da ona dərin ehtiramın ifadəsi idi.

Qayıdaq Lyublyanaya, Avroliqanın pley-off mərhələsinin ilk görüşünü ke­çirəcəyimiz şəhərə. Qurban Qurbanovun komandası 2018-ci ilin iyul ayında bu şəhərdə Çempionlar Liqası turnirinin bi­rinci təsnifat mərhələsində “Olimpiya” ilə qarşılaşmış və qalib gəlməyi bacarmışdı (1:0). Onda Azərbaycan futbolçularının səfərdə vurduqları yeganə qol növbə­ti mərhələyə adlamaq üçün bizə kifayət etmişdi. Həmin oyundan bir həftə son­ra Bakıda keçirilmiş cavab görüşündə hesab açılmamış və iki qarşılaşmanın yekununda növbəti mərhələnin qapısını “Qarabağ” açmışdı.

Bəs bu dəfə necə olacaq? Belə dü­şünmək olarmı ki, Ağdam komandası “Olimpiya”ya qalib gəlməyin yolunu artıq bilir? Bu suallara bu gün Bakı vaxtı ilə saat 22-də başlanacaq oyundan sonra cavab alacağıq. Görüşdə ədaləti Geor­gi Kabakov başda olmaqla bolqarıstanlı hakimlər briqadası qoruyacaq. UEFA bir həftə sonra Tofiq Bəhramov adına Res­publika stadionunda oynanılacaq cavab matçında isə hakimliyi İspaniya Futbol Federasiyasının nümayəndələrinə hə­valə etmişdir. Lakin hələlik iş başında Ka­bakovu görəcəyik.Onun final işarəsindən sonra kim sevinəcək?

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman