Azərbaycan ilk medalını qazanıb

post-img

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı idmansevərlərə əsl bayram əhval-ruhiyyəsi yaşadır. 100-dən çox ölkənin ən sərrast atıcıları bu nüfuzlu yarışda mükafatlar uğrunda gərgin mübarizəni davam etdirirlər. 

Sevindirici haldır ki, ən güclülərin sı­rasına Azərbaycan atıcıları da adlarını yazmağa nail olublar. Belə ki, 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında komandamız gözəl nəti­cə əldə edərək ikinci yeri tutub. “Üçlük”də Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədova yer alıblar. Bu növ üzrə fərdi yarışlarda çinli Sixuan Fenq 572 xalla qızıl medala sahib olub. Gümüş medala Yunanıstandan olan məşhur atıcı Anna Korakaki yiyələnib. Bürünc medalı isə Avstriyadan olan Silviya Şteyner alıb. Komanda yarışında Çin birinci, Hindistan üçüncü olub.

Kişilər arasında 25 metr məsafəyə standart tapançadan atəş açma növün­də isə hindistanlı Sinq Amanpreet 577 xalla qızıl medala sahib olub. İkinci yeri Koreyadan olan atlet Qunhyeok Li, üçün­cü yeri isə Fransadan olan Kevin Çapon tutublar. 

Güllə atıcılığı üzrə yığmanın baş məşqçisi İradə Aşumova “Xalq qəze­ti”nə açıqlamasında komandamızın qələbəsindən danışıb: “Yarışda rəqa­bətin səviyyəsinin yüksək olması təbii­dir. Çünki dünya çempionatında hər bir ölkə ən güclü atıcıları ilə çıxış etməyə çalışır. İdmançılarımız öz potensialların­dan maksimum istifadə etmək üçün cid­di səylər göstərirlər. Təqdirəlayiq haldır ki, qızlarımız bu mötəbər yarışın gümüş medalına layiq görüldülər. İdmançılar on­lara bəslənilən ümidləri doğrultmaq üçün maksimum çalışırlar. Ümid edirəm ki, atıcılarımız yeni qələbələri ilə xalqımızı sevindirəcəklər”. 

Qaliblərə medalları gənclər və idman naziri Fərid Qayıbov təqdim edib. Nazir komandamızın uğurlu çıxışı ilə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb: “Təbii ki, hamımız medal gözləyirdik. Nəhayət yığmamız medal əldə etdi. Çox istəyirik ki, gümüş medal sonuncu olmasın. İdmançılarımız yenə çıxış edəcəklər. İnanıram ki, onlar sona kimi mübarizə aparıb medalların sayını artıracaqlar. Azərbaycan Atıcılıq Federa­siyasını və təşkilatçıları da təbrik edirəm. Bu yarış çox gözəl təşkil olunub. Bunu biz demirik. Beynəlxalq federasiyaların, qitə qurumlarının, başqa ölkələrin nü­mayəndələrinin hər biri bu yarışın yüksək səviyyədə təşkil edildiyini deyirlər. Bu da göz önündədir”.

Komandamızın heyətində ikinci yeri tutan Zeynəb Sultanova bu meda­lın beynəlxalq yarışlarda ilk mükafat olduğunu bildirib: “Açığı, bu cür nəti­cə gözləmirdim. Sonluğun belə olması gözəldir”. 

Dünyanın ən güclülərinin qatıldığı mötəbər yarışda qadınlar arasında 8-ci, komanda yarışında isə 2-ci olan atıcımız gələcək planları barədə də danışıb: “3-4 ildir atıcılıqla məşğul oluram. Düşünürəm ki, olimpiadaya vəsiqə qazanmaq üçün hələ ki, təcrübəm azdır. İndi ikinci yeri tut­dum. Gələcəkdə daha yüksək nəticələr qazanmaq üçün öz üzərimdə daha çox çalışacağam”.

Çempionat qadınlar arasında 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma növündə yarışlarla davam edib. Bu növdə isveçrəli Anya Senti 627.7 xalla qızıl medala sahib olub. Gümüş medalı Almaniyadan olan atlet Annett Müller, “bürünc”ü isə Finlandiyanı təmsil edən Marianne Palo boynundan asıb. Koman­da yarışında isə İsveçrə birinci, Norveç ikinci, Avstriya üçüncü olub.

Günün son yarışında atletlər 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma növündə qarışıq komanda şəklində mübarizə aparıblar. 

Yan Loxbihler və Çiara Leonedən ibarət İsveçrə komandası 1249.7 xalla qızıl medallara sahib olub. Gümüş me­dallara da İsveçrədən olan atletlər Kris­toff Duer və Sarina Hitz yiyələnib (1247.2 xal). Üçüncü pillədə Çin atıcıları Linşu Du ilə Siyu Xia (1245.9 xal) qərarlaşıblar.

Dünya çempionu olan İsveçrə ko­mandasının qadın atıcısı Çiara Leone uğurları barədə deyib: “Müəyyən çətin­liklər oldu. Amma biz qalib olmağı bacar­dıq. Biz bu yarışa çox yaxşı hazırlaşmış­dıq. Ölkəmizdə bu növ üçün xüsusi məşq etmişdik. Öz aramızda danışmışdıq ki, dünya çempionu olmaq üçün nə etməli­yik. Hətta ikinci pillənin də bizim olmasını istəyirdik. Buna nail olduq. Bakı Atıcılıq Mərkəzi çox möhtəşəmdir. Biz bir neçə dəfə mərkəzdə olmuşuq. Burada hər dəfə atış eləməkdən məmnunuq”.

Komanda yarışında Çin birinci, Alma­niya ikinci, Koreya üçüncü yerləri tutub­lar. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman