Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında komandamız gümüş medal qazanıb

post-img

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. Azərbaycan Atıcılıq Federasiyasından aldığımız məlumata görə, bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında komandamız gümüş medal qazanıb.

Federasiyanın məlumatında qeyd edilir ki, Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət “üçlük” yalnız Çin komandasından geri qalıb.

Dünya çempionatında gümüş medal qazanan Azərbaycan millisinin üzvü Zeynəb Sultanova təəssüratların KİV-ə bölüşüb: “Bu, beynəlxalq yarışlarda ilk medalımdır”.

Fərdi atışda ən yüksək göstəriciyə imza atan (8-ci yer) atlet yarışdan əvvəl medal qazanacağını gözləmədiyini bildirib: “Amma sonluğun belə olması çox gözəldir”.

Atıcılıqla peşəkar səviyyədə 4 ilə yaxındır məşğul olduğunu söyləyən Sultanova gələcəyə nikbin baxdığını vurğulayıb: “Olimpiadaya vəsiqə qazanmağa hələlik təcrübəm çatmır. İndi ikinci yeri tutdum. Ümid edirəm ki, zaman ötdükcə pillə-pillə yüksək yerlərə kimi gedib çıxaram”.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman