Daha iki Azərbaycanın boksçusu yarımfinala yüksəlib

post-img

Azərbaycanın daha iki boksçusu Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında yarımfinala yüksəlib. Bu Azərbaycan Boks Federasiyasından “Xalq qəzeti”nə bildiriblər.

Məlumatda qeyd edilir ki, yarışda ölkəmizi təmsil edən qadın idmançı Marjona Savriyeva (50 kq) dörddəbir finalda rusiyalı Çaşina Elenoranı məğlub edib. Bununla da həmyerlimiz ən azı bürünc medalı təmin edib.

52 kq çəkidə çıxış edən Zeynəb Rəhimova isə yarımfinala gedən yolda Rusiyanın digər təmsilçisi Nadejda Ermilovo ilə döyüşdən qalib ayrılıb.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman