Polşada 3 qızıl, 3 gümüş, 3 bürünc

post-img

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə beynəlxalq turnirə yekun vurulub. Yarışın son günündə sərbəst güləş üzrə yığmanın 6 üzvü mübarizə aparıb və hamısı fəxri kürsüyə qalxıb.  Bu barədə “Xalq qəzeti”nə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.

61 kiloqram çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə amerikalı Aaron Qaretlə (11:10) argentinalı Herman Almendraya (tuş) qalib gəlib. Ancaq üçüncü görüşdə hakimlərin mübahisəli qərarıyla ABŞ-ın digər təmsilçisi Austin Desantoya 3:4 hesabıyla məğlub olub. Gürcüstanlı Ramaz Turmanidzeni (4:0) üstələyən Əliabbas bürünc medala sahib çıxıb.

65 kiloqram çəkidə yarışan Hacı Əliyev isə polşalı Kriştof Bienkovski (5:1) və gürcüstanlı Georgi Şoniyadan (4:1) güclü olsa da, amerikalı Maykl Alirezlə bacarmayıb - 0:8. Titullu pəhləvanımız israilli Coşua Finesilverə "tuş"la qalib gələrək turniri üçüncü pillədə başa vurub.

70 kiloqram çəkidə Maqomed-Başir Xaniyev gürcüstanlı Sandro Sardanaşvili (11:0) və macarıstanlı Daniel Antal (10:2) üzərində inamlı qələbələr qazanaraq finala vəsiqə qazanıb. Həlledici görüşdə amerikalı Duqlas Veberə 2:6 hesabıyla məğlub olan Xaniyev gümüş medalla kifayətlənib.

74 kiloqram çəkidərəcəsində çıxış edən Turan Bayramov ilk 2 görüşdə yunanıstanlı Georgios Kuqiumtsidis (5:1) və polşalı Şimon Voytkovskiyə (tuş), Xadjimurad Qadjiyev isə gürcüstanlı Luka Çxitunidzeylə (8:1) isveçrəli Tobias Portmana (7:1) qalib gəlib. Üçüncü mərhələdə milli üzvləri bir-biriylə qarşılaşıb. Turan Xadjimurad üzərində inamlı qələbə qazanaraq (9:1) finala yüksəlib.

Digər səbətdə yer alan Cəbrayıl Qadjiyev bolqarıstanlı Ali Paşa Umarpaşayev (10:10), polşalı Kamil Ribiçki (9:0) və Bolqarıstanın digər təmsilçisi Ramazan Ramazanovu (5:4) məyus edərək adını finala yazdırıb.

Yunanıstanlı Georgios Kuqiumtsidis xalçaya çıxmadığı üçün Xadjimurad üçüncü yeri tutub. Azərbaycan finalı isə gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib. Cəbrayıla sonuncu xal prinsipinə əsasən (2:2) qalib gələn Turan Polşada çempion olub.

Beləliklə, güləşçilərimiz ənənəvi turniri 3 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, öncəki günlərdə Mariya Stadniklə (50 kq) Osman Nurmaqomedov (92 kq) qızı, Georgi Meşvildişvili (125 kq) isə gümüş medal qazanıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman