Sloveniyanın Maribor şəhərində Avropa Gənclər XVII Yay Olimpiya Festivalının açılış mərasimi keçirilib.
İdmançıların paradında Azərbaycan millisinin önündə bayrağımızı Mədinə Babayeva və Ramazan Əhmədov daşıyıblar.
“Lyudski vrt” stadionunda keçirilən mərasimdə Sloveniya Prezidenti Nataşa Pirts Musar, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digər Olimpiya komitələrinin rəhbər şəxsləri iştirak ediblər. 5 mindən artıq azarkeşin arenadan birbaşa izlədiyi açılışda oyunların məşəlini sloveniyalı atlet Marovt və ölkə Prezidenti Musar alovlandırıb. Olimpiya məşəli rəssam Qreta Qodniç tərəfindən hazırlanıb və oyunların proqramına daxil edilən 11 idman növünü özündə əks etdirir.
Sonra Avropa Olimpiya komitələrinin bayrağı qaldırılıb. Könüllülər, idmançılar, hakimlər və məşqçilər adından and içilib.
Tədbirdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos bu multiidman tədbirinin idmanın gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, məhz bu festivalda fərqlənən idmançılar sonradan böyük idman yarışlarında, xüsusilə, Olimpiya Oyunlarında öz ölkələrini təmsil edirlər.
Sloveniya Prezidenti Nataşa Pirts Musar festivalı açıq elan edib: “Qoy bu Olimpiya Festivalı idmanın gerçəkləşən arzularının, dostluğun və qarşılıqlı hörmətin bayramı olsun”.
Dünən artıq yarışa start verilib. Festivalın ilk günü komandamızın üzvləri atletika və üzgüçülük yarışlarında mübarizəyə qoşulublar.
Qeyd edək ki, Azərbaycan komandası multiidman tədbirində 7 növ üzrə (şose velosipedi, dağ velosipedi, cüdo, tennis, gimnastika, atletika, üzgüçülük) təmsil olunur. Komandamızın heyətində cüdo (12), atletika (8), velosiped (6), tennis (4), gimnastika (3) və üzgüçülük (2) idman növləri üzrə 36 idmançı yer alıb.
Festivalda 48 ölkədən idmanın 11 növündə 3 min 600-ə yaxın 13-18 yaşlı idmançılar iştirak edirlər. Yarışın bağlanış mərasimi iyulun 29-na təsadüf edəcək.
L.SABİRQIZI, “Xalq qəzeti”