Türk əsilli alman futbolçu İlkay Gündoğan bir neçə həftə əvvəl anlaşdığı “Barselona”ya keçib. Klubun keçirdiyi təqdimat mərasimində çıxış edən İlkay Gündoğan deyib ki, “Barselona”da oynamaq onun üçün gerçəkləşən bir xəyaldır.
O deyib: “Əvvəllər də iki dəfə Kataloniya klubuna transferim gündəmdə olub. Lakin sonradan keçid baş tutmayıb. Burada olmaqdan çox məmnunam. Baş məşqçi Xavi Ernandesin bir telefon zəngi burada olmağım üçün kifayət etdi. Onunla ünsiyətim “Barselona”ya keçid üçün müqavilə imzalamağımda böyük rol oynadı”.
Təcrübəli yarımmüdafiəçi əlavə edib: “Bu klubun futbolçusu olmaq insanda böyük qürur hissi yaradır. Bu formanı geyinmək arzudur. Çox qısa müddətdə buraya uyğunlaşmaq üçün təcrübəm var”.
Ötən mövsüm “Mançester Siti” ilə qazandığı Çempionlar Liqasını “Barselona” ilə təkrarlamaq istədiyini və yeni çətinlikləri sevdiyini qeyd edən Gündoğan deyib: “Çempionlar Liqasında daha güclü olmaq istəyirik və buna nail olmaq üçün kifayət qədər özümüzə inamımız var”.
Türk əsilli futbolçu yay tətili öncəsi “Barselona”nın polşalı forvardı Robert Levandovski ilə də telefonla danışaraq komanda və şəhər haqqında məlumat aldığını və bu görüşün ona çox kömək etdiyini açıqlayıb.
“Barselona”nın gənc ulduzları Qavini, Pedrini və De Yonqu tərifləyən Gündoğan vurğulayıb: “Həyatım və futbolçu karyeram həmişə çəhrayı olmayıb. Düşünürəm ki, təcrübələrim də onlara kömək edə bilər. Onlar çox istedadlı futbolçulardır və hətta onlara 1 faiz töhfə versəm, çox sevinərdim”.
“Barselona”nın Futbol Direktoru Mateu Alemany isə 2022-ci ilin yayından bəri İlkay Gündoğanı transfer etməyi düşündüklərini və danışıqlara başlamaq üçün yanvarı gözlədiklərini bildirib. “Biz məşqçilər və menecerlər olaraq İlkayı razı salmaq üçün əlimizdən gələni etdik. Çox böyük iqtisadi təkliflərə baxmayaraq, bizi seçdiyi üçün ona təşəkkür edirik”,-deyə Alemany bildirib.
Elçin ABBASOV,
“Xalq qəzeti”