Ölkələrə vizasız giriş: yaşayış və vətəndaşlıq proqramları

post-img

Pandemiyadan sonra vətəndaşlıq və yaşayış proqramlarının cəmiyyət tərəfindən qəbul olunmasında müsbət dəyişikliklər baş verdi, proqramlara qarşı olan maraq artdı. Maliyyə imkanlarına malik olan insanlar özlərinə və ailələrinə daha geniş coğrafiyada hərəkət azadlığı təmin etmək üçün qanuni fürsətlər axtarışına başladılar. Sözügedən proqramlar isə sərmayelərin şaxələndirilməsinə və ümumiyyətlə, bir çox fərdi biznes fəaliyyəti növlərinə köməklik edir. 

İnvestisiya vasitəsilə vətəndaşlıq və yaşayış proqramlarının ailələrə alternativ vətəndaşlıq əldə etmə imtiyazı verdiyini, müxtəlif istiqamətlərə sərbəst səyahət etmələrinə və başqa ölkədə məskunlaşmalarına imkan verdiyini ifadə edən “Henley & Partners” investisiya miqrasiyası üzrə konsaltinq şirkətinin Türkiyə rəhbəri Burak Dəmirəl belə izah etdi: "Hazırda dünyada 15 investisiya vasitəsilə vətəndaşlıq proqramı uğurla fəaliyyət göstərir, bunların əksəriyyəti “Henley & Partners” tərəfindən hazırlanıb və uğurla idarə olunur. İnvestisiya yolu ilə yaşayış icazəsi almaq üçün xeyli sayda proqram mövcuddur: hazırda dünyada 30-a yaxın proqram uğurla həyata keçirilir və daha çox ölkənin qanunvericiliyində bu və ya digər şəkildə investisiya miqrasiyası ilə bağlı müddəalar öz əksini tapmışdır”. Həm yaşayış, həm də vətəndaşlıq proqramları dünya səviyyəli təhsil müəssisələrinə qəbulu asanlaşdırır, eyni zamanda, daha az viza tələbləri olduqda, ölkəyə giriş daha sürətli və daha etibarlı olur, bununla da fərdi diversifikasiya prosesi təşviq edilir və beynəlxalq biznes imkanları genişlənir. 

Bu baxımdan dünyada yayılan pandemiya və Ukraynadakı müharibə kimi əsas geosiyasi dəyişikliklər iş adamlarının hərəkətliliyinin və girişinin təmin edilməsi üçün əlavə mülahizə sayıla bilər. Dünyada 40-dan çox nümayəndəliyi olan və maliyyə imkanları geniş olan ailələrə yaşayış və vətəndaşlıq proqramları üzrə xidmət göstərən “Henley & Partners”, dünya ölkələrinin hökumətləri ilə də bu proqramların inkişafı, tətbiqi və qlobal təşviqi ilə bağlı sözügedən xidmətlərin təchizatçısı kimi çıxış edir. 

Faktiki olaraq, bu gün uğurla davam edən bir çox proqramın həyata keçirilməsində İngiltərənin London şəhərində yerləşən “”Henley & Partners”ın müəyyən dərəcədə töhfəsi olub. Bununla yanaşı, sözügedən fəaliyyət sahəsində xeyli sayda şirkət iştirak edir. Bu biznes sektorunun aparıcı şirkətləri və mütəxəssisləri İsveçrənin Cenevrə şəhərində yerləşən İnvestisiya Miqrasiya Şurası (IMC) qlobal assosiasiyanı təsis etməyə qərara gəldilər. IMC bu sahədə aparıcı maraqlı tərəfləri birləşdirən dünya miqyaslı investisiya miqrasiyası forumunu təşkil edir. Şura qlobal standartlar müəyyənləşdirir, ixtisasları təqdim edir və hökumətlərə, siyasətçilərə, beynəlxalq təşkilatlara və ictimaiyyətə yönəlmiş investisiya miqrasiyası ilə bağlı araşdırmalar dərc edir. 

“Henley & Partners” dünya üzrə bir çox tədbirlər təşkil edir, bu yaxınlarda Türkiyənin İstanbul şəhərində maddi sərvətlərin qorunması üzrə seminar keçirilib. “Henley & Partners”ın Türkiyədəki ofisinin rəhbəri Dəmirəl tədbirlə bağlı fikirlərini paylaşdı: “Fəaliyyət sahəmizə maraq göstərən çox sayda iştirakçıları tədbirə cəlb edə bildik, Qrenadanın baş naziri də daxil olmaqla əla natiq heyətimiz var idi”. Bu ilin noyabr ayında şirkət ənənəvi illik konfransını Dubayda keçirəcək. “Bu il 500-dən çox iştirakçı gözləyirik, fəaliyyətimizə maraq böyükdür” deyərək, cənab Dəmirəl əlavə etdi: “Bu konfrans investisiya yolu ilə yaşayış və vətəndaşlıq mövzusunda keçirilən əsas illik tədbirimizdir.” 

Şübhəsiz ki, investisiya yolu ilə rezidentlik və vətəndaşlıq sektoruna maraq sürətlə artır. Dünyada daha çox şirkət, daha çox müştəri və daha çox hökumət investisiya miqrasiyası proqramlarını nəzərdən keçirir. Həqiqətən, bu, bütün iştirakçıların xeyrinə yönəlmiş müsbət bir amildir: ölkələr və onların hökümətləri yaşayış icazəsinin və ya vətəndaşlığın (qanunvericilik icazə verərsə) verilməsi müqabilində daha çox birbaşa xarici sərmayə əldə edə bilirlər. Fərdlər və ailələr vizasız rejimin genişləndirilməsindən və yeni iş və səyahət bazarlarına çıxışdan faydalanırlar. Nəticədə, getdikcə daha çox peşəkar məsləhətçi bu sahəyə keçir, hazırda IMC-nin üzvü olan şirkətlərin sayı 500-dən yuxarıdır və bu rəqəm getdikçə artmaqdadır. 

Rizvan FIKRƏTOĞLU,
“Xalq qəzeti”

İqtisadiyyat