“Krakov-2023”: Çimərlik futbolçularımız da mübarizəyə qoşulurlar

post-img

Azərbaycan medal sıralamasında 22-cidir

Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında bu gün çimərlik futbolu üzrə Azərbaycan millisi mübarizəyə başlayacaq. Təmsilçilərimiz, həmçinin oxatma, qılıncoynatma, badminton, boks üzrə də yarışlarda mübarizəni davam etdirəcəklər. 

Millimiz Oyunlarda indiyədək 8 (2-1-5) mükafat qazanıb.

Təmsilçilərimizdən, hələlik ən yaxşı nəticəni karateçilərimiz göstəriblər – 2 qızıl, 1 bürünc medal. Belə ki, rəqib tanımayan Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Asiman Qurbanlı (+84 kq) bürünc medala sahib olub. Komanda bu nəticə ilə ümumi sıralamada ikinci pillədə qərarlaşıb. Hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan Ukrayna yığması birinci yerdədir. İlk üçlüyü qapayan İspaniya millisi (2-0-1) isə III Avropa Oyunlarının bu günədək nəticələrinə görə liderdir. 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov “Krakov-2023”ün start götürməsindən bir gün əvvəl jurnalistlərə müsahibəsində qeyd etmişdi ki, Avropa Oyunlarında rəqabət çox böyük olsa da, hər zaman olduğu kimi, komandanın bu dəfə də qızıl medallar əldə edəcəyinə inanır. Federasiya prezidenti ən azı 3-4 medal götürməyə çalışacaqlarını demişdi. Əldə olunan nəticə komandamızın hazırlığının yüksək olmasını bir daha təsdiq edir. 

Kişi taekvondoçularımız - Sayad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (68 kq) bürünc medal qazanıblar. Qadın döyüş ustalarımız isə medalsız qalıblar. Düzdür, bu nüfuzlu yarışda “Olimpiada-2016”, dünya, Avropa çempionatlarının, həmçinin Avropa Oyunlarının mükafatçısı Patimat Abakarova (49 kq), eləcə də komandanın digər titullu, təcrübəli üzvləri Fəridə Əzizova (67 kq) və Minayə Əkbərovadan (46 kq) medal gözlənilirdi. 

Oyunlarda uğurla çıxış edənlər arasında muay-tayçılarımızı xüsusi qeyd etməliyik. Avropa arenasında bu idman növü üzrə bürünc medal qazanan qadın atletlərimiz Aysu Devrişova (57 kq) və Emiliya Rzayevanın (63,5 kq) nəticələri ürəkaçandır. Digər bürünc medala isə Xəyal Əliyev (67 kq) sahib olub. Azərbaycan millisinin baş məşqçisi Azər Həsənsoy da idmançılarımızın Polşada çıxışlarını yüksək dəyərləndirib. O, fikrini bununla əsaslandırıb ki, üç bürünc medalı qazanan təmsilçilərimizin cəmi 17 yaşındadırlar. Onların yaşları və təcrübələri artdıqca ən yüksək nəticələri göstərəcəklər. 

İyulun 2-dək davam edəcək Oyunlarda Azərbaycan ümumi medal sıralamasında 22-ci yerdədir. Turnir cədvəlinə İtaliya (18-17-23) başçılıq edir. İspaniya (18-11-1) ikinci, Ukrayna (12-7-6) üçüncü sıradadır. 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

İdman