Üç güləşçimiz U-20 Avropa çempionatının finalında

post-img

 İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatında uğurla çıxış edən komandamızın 3 üzvü finala vəsiqə qazanıb.  U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) həlledici mərhələdə ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türk Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyük hesablı qələbə qazanıb. Güləşçimiz finalda ukraynalı Marko Voloşinlə güləşəcək.

Davud Məmmədov (77 kq) səkkizdəbir finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb - 7:1. Güləşçimiz növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub - 4:2. D.Məmmədov yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Pəhləvanımız həlledici görüşdə rumıniyalı Aleksandru Soloveylə qarşılaşacaq.

Mübarizəyə dörddəbir finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda estoniyalı Eerik Pankla görüş dramatik alınıb. 0:7 hesabı ilə geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək, yekunda 8:7 hesablı qələbə qazanıb. Güləşçimiz finalda macarıstanlı Laşlo Darabosla mübarizə aparacaq.

Komandamızın digər üzvü Fəraim Mustafayev (63 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Bu mərhələdə onun rəqibi çexiyalı Matous Yankeviç olacaq.

 

İdman