Avropa çempionu olan cüdo millimiz Vətənə qayıdıb

post-img

Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında qızıl medal qazanan cüdoçularımız Azərbaycana qayıdıblar. Millimizi Heydər Əliyev adına Beynəlxalq Aeroportunda ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, cüdoçuların yaxınları və jurnalistlər böyük coşqu ilə qarsılayıblar. 

Mərasimdə yeniyetmələrdən ibarət yığmamızın məşqçisi Emin İsgəndərov komandanın çox böyük uğura imza atdığını deyib. O qeyd edib ki, bundan sonra da yüksək nəticələrlə xalqımızı sevindirəcəklər. 

Qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova tarixdə ilk dəfə Avropa çempionatının komanda yarışlarında qızıl medal əldə edən millimizin uğurunun Azərbaycan xalqının qələbəsi olduğunu bildirib. Məşqçi idmançıları qarşıda dünya çempionatının gözlədiyini bu yarışa var gücləri ilə hazırlaşacaqlarını da vurğulayıb: “Ötən il dünya çempionatında ikinci yerə çıxsaq da, bu il birinci yer bizim olacaq”.

Xatırladaq ki, Portuqaliyanın Odivelas şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıblar. Bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb. Komandamız fərdi yarışlarda isə 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və bu nəticə ilə medal əyarına görə ümumi hesabda oğlanlar arasında 1-ci yerdə qərarlaşıb. 

İdman