“Berlin-2023”də iştirak edən komandamız Vətəndə

post-img

Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız Vətənə qayıdıblar. Komandamızı Heydər Əliyev adına Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri və jurnalistlər böyük coşqu ilə qarşılayıblar.

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev jurnalistlərə müsahibəsində millimizin Oyunlarda böyük uğurla iştirak etdiklərini bildirib. O qeyd edib ki, ötən turnirlə müqayisədə bu dəfə daha yüksək nəticələr qazanıblar. Belə ki, ümumi hesabda MDB ölkələri arasında Azərbaycan birinci yeri tutub.

Ş.Əliyev ilk dəfə ölkəmizin bədii gimnastika yarışlarında da təmsil olunduğunu vurğulayıb. Gimnast Mehriban Tağıyevanın 1 qızıl və 3 bürünc medala sahib olduğunu deyib.

“Komandamızın hazırlığı yüksək səviyyədə idi. İdmançılarımız onlara bəslənilən ümidləri doğrultdular”, – deyə o əlavə edib.  

Xatırladaq ki, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında ölkəmiz 49 idmançı ilə təmsil olunub. Komandamız yarışda 6 qızıl, 5 gümüş və 13 bürünc medala sahib olub. 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

İdman