Polşada III Avropa Oyunları davam edir. Yarışların növbəti günündə Azərbaycan idmançıları atıcılıq, boks və taekvondo yarışlarında mübarizə aparıblar.
Boksçumuz Murad Allahverdiyev (80 kq) və Malik Həsənov (63,5 kq) yarışda uğurla çıxış edərək səkkizdəbir finala vəsiqə qazanıblar. Digər boksçularımız Alfonso Dominges (92 kq), Zeynəb Rəhimova (54 kq) məğlub olublar.
Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Cavad Ağayev də rəqiblərin öhdəsindən gələ bilmədiyi üçün medalsız qalıb.
Qadınların tapançadan 10 metr məsafəyə atəşaçma üzrə komanda yarışlarında yığmamız təsnifat mərhələsinin birinci qrupunda 826 xalla 9-cu olub və finala vəsiqə qazana bilməyib.
Stend atıcılığının skit növündə isə Regina Meftahəddinova 75 hədəfdən 70-ni, Nurlana Cəfərova 75-dən 67-ni dəqiq vurmağı bacarıblar. İyunun 25-də təsnifatın ikinci günündə daha iki dövrədə mübarizə davam edəcək. İlk səkkiz pillədə qərarlaşacaq idmançılar finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində 2 qızıl, 1 gümüş və 2 bürünc medal var. İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Azərbaycan “Krakov-2023”də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Leyla SABİRQIZI, “Xalq qəzeti”