Premyer Liqada yeni izləyici rekordu

post-img

Azərbaycan Premyer Liqasında son 5 mövsümün ən yüksək seyrçi aktivliyi qeydə alınıb. Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Mənbə qeyd edir ki. 2022-2023-illər mövsümünün oyunlarını 261 min 564 tamaşaçı izləyib.

Bildirilir ki, ötən mövsüm baş tutan 180 matçda orta göstərici 1 453-ə bərabər olub. Bu, son 5 mövsümün rekordudur. Daha yüksək göstəriciyə sonuncu dəfə 2017-2018-ci illər mövsümündə təsadüf olunub – 2 007.

Qeyd esilib ki, bu statistuka 2018-2019-cu illər mövsümündə 1 015, 2019-2020-ci illər mövsümündə 1 007, 2021-2022-ci illər mövsümündə 794-ə bərabər olub. 

Yeri gəlmişkən, koronavirus pandemiyası ilə bağlı olaraq, 2020-2021-ci illər mövsümü tamaşaçılarsız keçirilib.

Cari mövsümdə ən çox seyrçi 14-cü turun “Sabah” – “Qarabağ” görüşündə (0:0) qeydə alınıb – 10 000. Üç qarşılaşmada 7 000 izləyici olub. Bu matçlar 16-cı və 32-ci turun “Neftçi” – “Qarabağ” (0:4 və 2:4), 30-cu turun “Sabah” – “Qarabağ” (2:1) duelləridir. Bu göstərici üzrə ilk “beşlik”də Bakıdan kənarda baş tutan bir qarşılaşma var. Belə ki, söhbət 3-cü turun “Turan Tovuz” – “Qarabağ” oyunundan(0:2) gedir. Həmin matçı 5 800 azarkeş izləyib. Ən çox tamaşaçı olan 5 matç çempionun səfər görüşləridir.

Klublar arasında lider “Turan Tovuz”dur. Premyer Liqanın debütantının ev oyunlarını 63 min 300 nəfər izləyib. Çempionatda 2-ci olan “Sabah” və 3-cü yeri tutan “Neftçi” tamaşaçı sayında da eyni mövqedə qərarlaşıb. “Qarabağ” isə 5-ci sıradadır.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman