Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başa çatıb.
Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürən yarışda velosipedçilər Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə marşrutu üzrə 170 kilometr məsafə qət ediblər. Gəncənin mərkəzinə hamıdan tez çatan belçikalı velosipedçi Yari Verstraeten qalib adını qazanıb. İkinci yeri Rumıniya millisinin üzvü Mixnea-Aleksandru Harasim tutub. Üçüncü pillədə isə qazaxıstanlı Anton Kuzmin qərarlaşıb.
İlk üç turdan sonra ümumi sıralamada italiyalı idmançı Emanuele Ansolini liderdir.
Qeyd edək ki, Bakıdan Şamaxıya qədər olan birinci mərhələni bolqarıstanlı Martin Papanov, Qəbələ-Şəki-Qəbələ marşrutunu əhatə edən ikinci mərhələni isə niderlandlı Luk Şurmans qazanıb.
Yarış iyunun 11-dək davam edəcək.

