Şahin Bağırov: "Azərbaycanda voleybolun nailiyyətləri davamlı olmalıdır"

post-img

Azərbaycan Voleybol Federasiyasının Prezidenti Şahin Bağırov qadın voleybolçulardan ibarət milli  komandanın yeni baş məşqçisi Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında çıxış edib.

“Xalq qəzeti” xəbər verir ki, o, ölkəmizdə bu idman növünün inkişaf etdirilməsindən və qarşıdakı prioritetlərdən söhbət açıb. AVF rəhbəri deyib: "Əsas məqsədimiz voleybolun populyarlığının, kütləviliyinin artması və mükəmməl infrastrukturun qurulmasıdır”.

Azərbaycan voleybolunun uğurlarından bəhs edən federasiya rəhbəri bu nailiyyətlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Azərbaycanda voleybol kifayət qədər məşhur idman növüdür. Komandalarımız Avropa və dünyada yaxşı nəticələr əldə ediblər”.

O, qadınlar və kişilərdən ibarət Yüksək Liqalarda komandaların sayının artırılmasının da nəzərdə tutulduğunu söyləyib. Voleybolun inkişafı üçün çalışacaqlarını deyən Ş.Bağırov Azərbaycanda bu idman növünün yaxşı ənənələrinin olduğunu vurğulayıb.

Xatırladaq ki, türkiyəli Ataman Güneyligil mayın 15-də qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi təyin olunub.

Elçin ABBASOV,
"Xalq qəzet"

İdman