Azərbaycan Qran-Prisi yüksək səviyyədə hazırlanıb

post-img

Dünən Formula 1 Azərbaycan Qran-Prisi start götürdü. Yarış öncəsi şəhərə çıxıb Bakı treki ilə bağlı əcnəbi azarkeşlərin fikirlərini öyrənməyə çalışdıq. Nizami küçəsində Formula 1 azarkeşi Filip Kimbureklə həmsöhbət olduq. Gənc qonaq qeyd etdi ki, ilk dəfədir Azərbaycana gəlir. Şəhərimizdən, buranın insanlarından və ona göstərilən qonaqpərvərlikdən məmnun qalıb. 

Filip Kimburek yarışla bağlı dedi: – “Bakıda tras əla vəziyyətdədir. Azadlıq meydanında yerləşən Pit zolağı mükəm­məl şəkildə qurulub. Dünən yarış öncəsi Qran-Prinin ən maraqlı hissələrindən sa­yılan Pit zolağına gəzinti təşkil edilmiş­di. İki saata yaxın davam edən gəzinti zamanı orada azarkeşlərin komandalar, onların qarajları ilə yaxından tanış olması üçün şərait yaradılmışdı. Mən də orada oldum. Həqiqətən Bakı yarışa heyrəta­miz şəkildə hazırlaşıb. Düzünü deyim, çox xoş təəssüratlarla ayrıldım”.

Filip Kimburek “Hansı komandanın pilotuna azarkeşlik edirsiniz?” sualına ca­vabında bildirdi ki, “Red Bull Racing” və “Aston Martin” komandalarını dəstəkləyir. Pilotlardan isə Fernando Alonsoya daha çox azarkeşlik etdiyini dedi.

Polşalı Formula 1 azarkeşi Lukaş Kuzman da Azərbaycanda ilk dəfə ol­duğunu bildirdi. O etiraf etdi ki, əvvəl Azərbaycan haqqında geniş məlumatı olmayıb. Əslində, Formula 1 Azərbaycan Qran-Prisi Qafqazın ən gözəl şəhərini tanımaq üçün bir fürsət oldu. Bakıda hər şey yüksək səviyyədədir. Şəhərin müasir görkəmi ilə yanaşı, tarixi əraziləri buranı ziyarət edənlərdə Bakının qədim tarixi haqqında da fikir formalaşdırır. Biz Vros­lav şəhərindənik. Növbəti dəfə Bakıya öz ailələrimizlə birgə gəlməyi düşünürük. 

Formula 1 yarışları haqqında isə Lukaş Kuzman bunları dedi: “Onu deyə bilərəm ki, artıq yarışların 7-ci dəfə bura­da keçirilməsi Bakıya göstərilən yüksək etimadın göstəricisidir. Bundan başqa, burada yarışların təhlükəsiz şəkildə və daha rəngarəng keçirilməsi indiyədək Formula 1 azarkeşlərinin diqqətini cəlb edən məqamlardan biridir. İndiyədək Bakıda hər dəfə ayrı-ayrı pilotların qalib olması bunu sübuta yetirir”.

Lukaş Kuzman “Ferrari” şirkətinin pi­lotu Şarl Leklerə azarkeşlik etdiyini vur­ğuladı.

Yarışı izləmək üçün Bakıya gələn qonaqlardan biri Marek Mazanek isə bildirdi ki, burada qonaq olmaq onun çox ürəyincədir. Burada gözəl restoran­lar, mehriban insanlar və ən əsası, qo­naqlara gülərüz simasını göstərən insan­lar var. Göstərilən isti münasibət onun üçün hər şeydən üstündür. 

Marek Mazanek “Mercedes” koman­dasına azarkeşlik etdiyini söylədi. O, Bakı trekinin möhtəşəm olduğuna diqqət çəkərək dedi: “Mən Formula 1 yarışla­rı haqqında xeyli məlumatım var. Spa, Ciddə və Las-Veqasdan sonra Bakı For­mula 1-i dördüncü ən uzun trekdir. Bü­tün komandalara uğur diləyirəm. Ancaq daha çox “Mercedes”in qalib gəlməsini istəyirəm”.

 

Elçin AĞAMİRZƏ,
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”







İdman