Qazaxıstanın paytaxtı Astanada dünya Şahmat Tacı uğrunda turnirdə mübarizə davam edir. Artıq demək oıar ki, bu yolda mübarizədə məsafənin yarısı qət edilib. Belə ki, Astanada Yan Nepomnyaşi ilə Dinq Liren araaında 7-ci görüşdə şahmat həvəskarları növbəti dramatik oyunun şahidi olublar.
"Chess.com"un məlumatına görə, turnirin 6-cı görüşündə çinli Dinq Lirenə məğlub olaraq üstünlüyünü əldən verən rusiyalı qrossmeyster yeddinci görüşdə pərəstişkarlarını həm təəccübləndirob, həm də onlara gözlənilməz qələbə sevinci bəxş edib. O, artıq 5-ci gedişdə çox çətin vəziyyətə düşməsinə baxmayaraq, görüşdə təşəbbüsü ələ almağı bacarıb. Artıq Nepomnyaşi mittelşpildə vəziyyətə nəzarət etməyə başlayıb. Gedişlərə həddindən çox zaçan sərf edən Liren vaxt problemi ilə üzləşib və 37-ci gedişdə seytnota düşüb. Bununla da, rusiyalı şahmatçı seriyada yenidən hesabda önə keçib – 4:3.
Yeri gəlmişkən, Nepomyaşi 17 ildən sonra “tac” uğrunda görüşdə 3 partiyada qalib gələn ilk rusiyalı şahmatçı kimi tarixə düşüb. 2006-cı ildə Veselin Topalovla görüşdə Vladimir Kramnik belə bir göstərici ilə yadda qalıb.
Qeyd edək ki, turnir, həmçinin nadir hallarda heç-heçələr qeydə alınması ilə də diqqət mərkəzindədir.
Xatırladaq ki, sonuncu dəfə 2004-cü ildə Rüstəm Kasımjanovla Maykl Adams arasındakı seriyada indiki kimi ilk 7 oyunda 5 qələbə və 2 heç-heçə qeydə alınıb.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"