Yeniyetmə və gənc üzgüçülərimiz beynəlxalq turnirdə iştirak edəcəklər. Belə ki, Macarıstanın Şopron şəhərində üzgüçülük üzrə beynəlxalq turnir start götürüb. Azərbaycan Üzgüçülük Federasiyasının məlumatına görə, baş məşqçi Rəşad Əbdürrəhmanov yarışda 18 idmançıya şans verəcək.
Qeyd edilir ki, aprelin 16-dək davam edəcək turnirdə Azərbaycanla yanaşı, Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya təmsilçiləri də mübarizə aparırlar.
Baş qəşqçi Rəşad Əbdürrəhmanov yarışla bağlı deyib: “Bu üzgüçülük üzrə çox mötəbər bir beynəlxalq turnirdir. Dünyanın su idman növlərinin ən inkişaf etmiş ölkələri sırasında Azərbaycan idmançılarının da belə bir geniş tərkibdə iştirak etməsi çox qürurvericidir. Bu idmançılarımız üçün böyük beynəlxalq təcrübə olacaq. Belə turnirlərdə üzgüçülərimizin, xüsusən də yeniyetmə üzgüçülərin öz güclərini sınamaları onların gələcəkdə güclü idmançı kimi yetişməsinə çox dəstək olur. Bizə bu yarışlarda iştirakına dəstək verdiyi üçün Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına minnətdarlığımızı bildiririk”.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”